Abşeron rayon sakini smartkartın beyni pozulduqdan sonra ona 1353 manat borc yazıldığını iddia edir.
“Qafqazinfo”ya müraciət edən İlqar Həsənov bildirib ki, 8 il bundan qabaq onların mənzilinə smartkart tipli sayğac qoyulub. Vaxtı-vaxtında pulunu ödəməklə maye qazı alıblar. Ancaq noyabrın 5-də kartlar dəyişdirilən zaman smartkartın beyni pozulub. Elə borc da o vaxtdan sonra yaranıb:
“Həmin vaxt tez qaynar xəttə zəng elədim və məni plastik kart almaq üçün ASAN Kommunala göndərdilər. Lazımı prosedurlardan sonra kart almaq üçün müraciət etdim və o zaman mənə bildirdilər ki, borcum olduğu üçün mənə vermirlər. Halbuki, 9 manat dövlətin mənə borcu var, işlədilməyib. “Azəriqaz”a müraciət etməli olduğumu dedilər. Müraciət etdim və çıxarış tələb etdim. Məlum oldu ki, adımıza 10 min kubdan çox qaz sərfiyyatı yazılıb bu da 1353 manat borc edir.
Yanlışlıq olduğunu və bu günə kimi belə bir məlumat verilmədiyini bildirdim. Sayğaca müdaxilə oldunduğunu söyləyirlər, bu da mümkün deyil. Belə bir qarışıqlığa görə, 20 gündən çoxdur ki, mənim evimdə qaz yoxdur. Evdə iki körpə uşağım var, bilmirəm nə edim.
Ümumi sərfiyyat 19958 kub-dur. Ancaq biz hesablamışıq. Bütün illərdəki qaz sərfiyyatı 9958 rəqəmi ilə üst-üstə düşür. Qalan 10 min texniki səhvdir, ya nədir anlamıram. Yəqin ki, səhv olub, indi silə bilmədikləri üçün boyunlarına almırlar, mənə ödətdirmək istəyirlər”.
Məsələylə bağlı “AzəriQaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxladıq. İ. Kərbalayev bildirib ki, abonentin bazasına baxmadan nəsə demək mümkün deyil:
“Əgər istehlakçı yaranan məbləğlə bağlı narazılığı varsa, yazılı formada Birliyə müraciət etməlidir. Bu zaman işçi qrup tərəfindən araşdırma aparılacaq və yazılı məlumat veriləcək. Yalnız o zaman məlum olunar ki, həmin məbləğ istehlakçı tərəfindən ödənilməlidir, ya yox. Bəzən mexaniki sayğacdan smartkarta keçən zaman elə olur ki, həmin zamandakı qalıq məbləğlər yığılaraq borc formasında öz əksini tapır. Əgər araşdırma aparılıb və yazılı cavab verilibsə, ödənişi cavaba uyğun formada həyata keçirməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl başqa bir şikayətçi də redaksiyamıza müraciət edərək qaz sayğacının kodunun dəyişməsi nəticəsində ona 1440 manat borc yazıldığını bildirmişdi.
Günel Hacı