2017-ci ilin fevralında düşmən təxribatlarının qarşısını alarkən həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fuad Fərhad oğlu Qafarovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması ilə əlaqədar Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
“Qafqazinfo” Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, tədbir ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək əhalinin öz şəhidini alqışlarla son mənzilə uğurladığını xatırladıb. O deyib ki, şəhid Fuad Qafarov məhz aprel şəhidlərinin intiqamını alan igid oğullarımızdandır.
Polkovnik Abdulla Qurbani şəhid F.Qafarovun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalını oğlu Fəridin yaxasına sancıb. Dörd yaşlı şəhid övladının “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi bütün tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Bir qrup hərbi qulluqçu və döyüşçü F.Qafarovun ailə üzvləri şəhidin məzarını ziyarət edib, qırmızı qərənfillər düzüblər.