Zemfira Qafarova: “Hansı təbliğatı düzgün aparırıq ki, mahnıların da təbliğatını yaxşı aparaq?”
Bu günlərdə “O səs Türkiyə” yarışmasında Azərbaycan mahnısı ilə bağlı maraqlı olay yaşanıb. Belə ki, müsabiqənin son buraxılışında Oğuzhan Özdemir adlı gənc “Yandırdın qəlbimi” mahnımızı oxuyub. İfaçı mahnının kimə aid olduğunu bilmədiyini deyib:
“Mahnı kimə aiddir bilmirəm. Bir çox sənətçidən eşitdim”. Münsiflər heyətinin üzvü Yıldız Tilbe isə gözlənilmədən ifaçının səhvini düzəldərək onun Azərbaycan xalq mahnısı olduğunu deyib.
Çox sevindirici haldır ki, son illərdə Türkiyə şou-biznesində Azərbaycan mahnıların geniş yer verilir və kifayət qədər sevilir. Lakin dəfələrlə şahid oluruq ki, xalq və ya bəstəkar mahnılarımız “O səs Türkiyə” və digər yarışmalarda anonim səslənir və yaxud müəllifləri düzgün qeyd edilmir. Onlardan bir neçəsini qeyd etmək yerinə düşər.
Məsələn, sözləri İslam Səfərli, musiqisi Andrey Babayevə məxsus olan “Nazəndə sevgilim” mahnısı Türkiyədə dəfələrlə anonim mahnı kimi təqdim edilib. Bir neçə il öncə “O səs Türkiyə”yə qatılan Sekan Kıranlı səhnədə mahnını ifa edərkən titrlərdə müəlliflər İslam Səfərli və Nekirof olaraq göstərilmişdi. Türkiyənin “TED senfoniorkestra”sı “Türk EğitimDerneği”nin 85 illiyinə həsr olunan gecədə Murat Karahanın solistliyi ilə “Nazəndə sevgilim” mahnısı ifa olunarkən isə onun sözləri anonim, bəstəkarı isə “Azeri Bekirof” kimi qeyd edilmişdi.
Digər müəllifi düzgün qeyd edilməyən mahnımız isə sözləri Rəsul Həmzətov, musiqisi Qulu Əsgərova ail olan “Əziz dostum” mahnısıdır. Türkiyədə tez-tez mahnın müəllifi kimi Arif Babayev, Şah Ruh və bəstəkarı Azize Gürsəs kimi qeyd olunur.
Narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, bəzən bu cür səhvlər azərbaycanlı ifaçıların ifasında baş verir. Məsələn, 2014-cü ilin noyabrında “O səs Türkiyə” yarışmasında iştirak edən Nicat Məhərrəmov “Əziz dostum” mahnısını ifa edərkən titrdə yenə də müəllifləri yuxarıda qeyd etdiyimiz kimi yazılmışdı.
Və yaxud həmin yarışmada iştirak edən azərbaycanlı ifaçı Tamara Muradova məşhur “Yalqızam” mahnısını ifa edərkən müəlliflər belə qeyd olunmuşdu: “Sözləri və bəstəkarı Rəsul Rza”. Halbuki mahnını sözlərinin müəllifi Rəsul Rza, bəstəkarı isə Tofiq Quliyevdir. Mahnı T.Quliyevin yaradıcılığında özünə məxsus yer tutmuş ən gözəl nümunələrindən biridir.
İki il öncə isə əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” “Gəl, ey səhər” mahnısını ifa edərkən titrlərdə mahnının sözlərinin müəllifi anonim kimi təqdim olunmuşdu. Sözlərin müəllifi Fikrət Qoca müəlliflik hüququnun pozulması ilə bağlı mətbuata açıqlama verərək, öz narazılığını bildirmişdi.
Qeyd etdiyimiz kimi, təkcə “O səs Türkiyə” yarışmasında deyil, bəzən Türkiyənin ən nüfuzlu televiziya kanallarında Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Cahangir Cahangirovun məşhur mahnılarının anonim təqdim edildiyinin şahidi oluruq. Məşhur “Qubanın ağ alması” mahnımız isə tez-tez “İqdırın ağ alması” kimi qeyd olunur. Bir müddət əvvəl “Sən gəlməz oldun” mahnısı da anonim kimi qeyd edilsə də, sevindirici haldır ki, artıq Türkiyədə hər kəs onun müəllifinin Ələkbər Tağıyev olduğunu bilir.
Beləliklə, anonim yazılan və yaxud müəllifləri düzgün təqdim edilməyən Azərbaycan mahnılarını necə xilas edək?
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Öncə onu qeyd edim ki, bizim mahnılar Türkiyədə sevilir və tez-tez səslənir. Deməli, mahnılarımıza maraq var. Biz deyə bilmərik ki, niyə bunları oxuyursuz? Əgər onlar bilərəkdən anonim yazırlarsa, bu pis haldır. Yox, əgər bilməyib anonim yazırlarsa, bu onu göstərir ki, bizim mədəni sahədə əlaqələrimiz yaxşı deyil, biz bilmirik onlar nə yazır, biz nə yazırıq. Fikrimcə, bunu ciddi problem etməyin bir mənası yoxdur.
Məsələn, mən Türkiyədə olanda əsərlərimiz səslənəndə deyirəm ki, mahnı anonim deyil, Fikrət Əmirovun və yaxud Emin Sabitoğlunun əsəridir və sairə. Yəni mahnı xoşlarına gəldiyi üçün ifa edir, bəzən filmlərinə də daxil edirlər".
Zemfira Qafarova ölkə daxilində də mahnılarımızın düzgün təbliğ edilməməsindən şikayətlənib:
“Hansı təbliğatı düzgün aparırıq ki, mahnıların da təbliğatını yaxşı aparaq? Televiziyalarda, radioda mahnıların müəllifləri düzgün təqdim edilmir. Müəlliflər qalır kənarda, qeyd edirlər ki, ”Bu Aygünün mahnısıdır" və yaxud “Elarizin mahnısıdır” və sairə. Belə acınacaqlı hal var".