Azərbaycan hüquqi dövlət olduğu üçün məhkəmə sistemi mühüm əhəmiyyət kəsb edir.
Femida.az Azərbaycan Respublikasının Ali Məhkəməsi və hakimləri barədə araşdırma aparıb.
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildir
Ali Məhkəmədə 36 hakim,4 kollegiya sədri və bir nəfər sədri var.
Ali Məhkəmənin sədri Ramiz Yaqub oğlu Rzayevdir. O, 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədridir.64 yaşı var.
Ali Məhkəmənin hakimləri...
Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir. Hakimlər onların statusunu təsdiq edən xidməti vəsiqəyə malikdirlər. Xidməti vəsiqələrinin nümunələri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir.
Kimlər hakim ola bilər?
Məhkəmələr və hakimlər haqqında qanunda qeyd olunur ki, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
Kimlər hakim ola bilməz?
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki vəəqli qüsurlarına görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş şəxslər hakim ola bilməzlər.
Hakimləri kim təyin edir?
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.
Hakim andı nədir?
Hakimlər işə başlamazdan əvvəl qərəzsiz, ədalətlə qərar çıxaracaqları barədə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə and içirlər. Onların səlahiyyətləri and içdiyi vaxtdan başlayır.Hakimlər andın mətninə imza edir və bu sənəd hakimlərin şəxsi işində saxlanılır.
Hakimlər neçə yaşına qədər işləyə bilər?
Məhkəmələr və hakimlər haqqında qanuna əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.
Femida.az Ali Məhkəmədə çalışan ən yaşlı və ən gənc hakim barədə də araşdırma aparıb.
Məlum olur ki, Ali Məhkəmənin ən yaşlı hakimi Rüstəmov Əli Məhəmməd oğludur .Qocaman hakim 1 oktyabr 1949-cu ildə Cəbrayıl rayonunun Şıxlar kəndində anadan olub.O 1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1977-ci ildə həmin fakültəni bitirib.Hakim olana qədər zavodda fəhlə işləyib. Müxtəlif vaxtlarda Abşeron rayon xalq məhkəməsində məhkəmə icraçısı, Ədliyyə Nazirliyinin hüquq təbliğatı və vətəndaşların hüquq tərbiyəsi şöbəsində məsləhətçisi, alyan rayon xalq məhkəməsinin sədri işləyib.1987-ci ildən hazırki vaxta qədər Ali Məhkəmənin hakimidir.
Ali Məhkəmənin hakimləri sırasında bir müddət yüksək vəzifə tutan şəxslər də var. 2007-2017-ci illər ərzində Bakı şəhər prokuroru işləmiş Əziz Seyidov bu ildən Hərbi Kollegiyanın sədridir.
Seyidov Əziz Cəfər oğlu 6 oktyabr 1956-cı il Gəncə şəhərində anadan olub, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib,əmək fəaliyyətinə 1983-cü ildə Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsində başlayıb.Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Ali Məhkəmənin qadın hakimləri...
Ölkənin ən ali məhkəməsində kişilərlə yanaşı qadınlar da hakimlik edir. Onların arasında cavan hakimlərə də rast gəlinir. Ali Məhkəmənin ən cavan hakimi 42 yaşlı Elşanə Vəliyevadır. O, 30 mart 1975-ci ildə Biləsuvar rayonunda anadan olub,1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.Məhkəmələrdə müxtəlif sahələrdə çalışdıqdan sonra 2007-2010-cu illər ərzində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi, 2010-2017-ci illər ərzində Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyib. 2017-ci il 28 iyul tarixindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Ali Məhkəmənin təcrübəli və qocaman hakimlərindən biri də Gülzar Rzayevadır. O, 13 yanvar 1950-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1968-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alaraq 1973-cü ildə hüquqşünas ixtisası alıb.1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini vəzifəsində, 2000 -2005-ci illərdə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin sədri,2005-2010-cu illərdə Səbail rayon məhkəməsinin sədri vəzifəsində, 2010-cu ildən isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışır.
Ali Məhkəmədə 2016-cı ildə neşə işə baxılıb?
Femida.az məhkəmənin saytına istinadla xəbər verir ki, 2016-cı ildə Cinayət işləri üzrə məhkəmədə 2020 işə, Hərbi işlər üzrə 122, Mülki işlər üzrə 6404, İnzibati işlər üzrə 1902, İqtisadi işlər üzrə 504 işə baxılıb.