Valideynlər övladlarının sağlığını pediatrlara əmanət edirlər. Onların dediklərinə inanıb, təyin etdikləri müalicədən yararlanırlar. Ancaq son dövrlərdə bu sahə ürə çalışan həkimlərdən narazılıqlar çoxalıb.
Medicina.az-ın valideynlər arasında keçirdiyi sorğudan bəlli olub ki, əksəriyyət həkimin telefon zənglərinə cavab verməməsi, çox dərman yazması, səhv diaqnozlar, xalq təbabətinindən istifadə etməmələri və ən əsası isə qəbullarının çox baha olmalarından narazıdır.
Belə ki, özəl xəstəxanalarda pediatr qəbulu və hətta 10 dəqiqəlik müayinəsi belə 25-70 AZN aralığında dəyişir. Bəzi həkimlər bu pulu ödəməklə uşağı sadəcə bir dəfə müayinə etdiyi halda, digər qismi isə məbləğ ödənən gündən iki həftə ərzində verilən sualları qismən də olsa cavablandırır.
Təbii ki, valideynlərin razılığını və güvənini tam şəkildə qazanmış pediatrlar da var. Ancaq sayca azlıq təşkil etdiklərindən hər ana istədiyi zaman həmin həkimlərin qəbuluna düşə bilmir.
Pediatr Gunay Rəsulova Medicina.az-ın mövzu ilə bağlı suallarını cavablandırarkən deyib ki, həkim qəbullarının özəl müəssisələrdə nisbətən bahadır, amma imkanı çatmayan valideynlər dövlət müəssisələrə, poliklinikalara müraciət edib ucuz qiymətə müayinə və müalicə oluna bilərlər.
"Valideynlər şikayət edirlər ki, pediatrlar xalq təbabətindən çox dərmana üstünlük verirlər. Bu doğrudurmu” sualını cavablandıran mütəxəssis, onsuz da valideynlərin qəbula gələnə qədər xalq təbabətinə müraciət etdiklərini deyib: "Biz də yenidən eyni üsulu yazmalı deyilik. Normal müalicəni etməliyik.
Unutmalı deyillər ki, həkimlər dərmanları qəbul olunmuş protokollar əsasında yazırlar. Həkim protokoldan kənara çıxmalı deyil. Ona görə digər vasitələr, xalq təbabətinə məxsus bitki tərkibli hansısa siroplar, vitaminlər həkimin təyinatında yer almamalıdır”.
G.Rəsulova hər bir həkimin xəstəsinin vəziyyəti ilə maraqlanmalı olduğunu vacib sayaraq ölkəmizdə olan pasiyent-həkim münasibətindən də danışıb.
"Valideynlər xüsusilə pediatrla gərəkdiyi zaman əlaqə qurub məsləhət ala bilməlidirlər. Çünki söhbət uşağın sağlamlığından gedir. Ölkəmizdə həkimlə valideyn münasibətində problemlər də var. Xəstələr elə sanır ki, həkimə pul verdisə, istənilən zaman sualına cavab verməlidir, əli çatan yerdə olmalıdır və s. Əslində qanunla belə bu, düzgün deyil. Həkim bunu edirsə, vətəndaş bilməlidir ki, bu həkimin üstünlüyüdür. Unutmamalıdırlar ki, həkim də bir insandır.
Onun da işi ola bilər. Zəngi eşitməyə bilər və s. Bundan incimək qətiyyən düzgün deyil. Belə hallarda təcili yardım nümayəndələrinə müraciət edə bilərlər”, -deyə pediatr qeyd edib.
Həkim qəbullarının məbləğinə gəlincə müsahibimiz deyib: "Düşünsək ki, qəbul məbləğinin yarısı həkimə, digər qismi isə xəstəxanaya çatır, bu zaman 50 azn elə də çox deyil. Devalivasiya vəziyyətində həkimin qəbulunun 25 manat olması elə də böyük pul deyil”.