Adil Qeybulla: “Bu içkiləri gündə bir dəfədən artıq içmək məqsədəuyğun deyil”
Zaman-zaman verdiyi açıqlamalarla tez-tez gündəmə gələn professor, doktor Canan Karatay bu dəfə də insanları qorxudacaq bir xəbərdarlıq edib. Onun budəfəki xəbərdarlığı energetik içkilərlə bağlıdır. C.Karatay bu içkilərin insan sağlamlığı üçün zəhərli olduğunu bildirib.
“Energetik içkilərin içinə həddindən artıq qoyulan qarğıdalı sirop, şəkər və kimyəvi maddələr insanın immunitet sistemini pozur, bağırsaqları və beyni məhv edir. İçkinin verdiyi bir-iki saatlıq enerjidən sonra insan halsızlaşır. Energetik içkilər spirtli içkidən daha təhlükəli bir şəkildə insanın qaraciyərini yağlandırır, beyni pozur və beləliklə müxtəlif xəstəliklərin təməli atılmış olur” - həkim qeyd edib.
Energetik içkilərin hansı xəstəliklərə yol aça biləcəyinə gəlincə isə C.Karatay bunları qeyd edib: “Şəkərli qazlı içkilər də daxil olmaqla, energetik içkilər bağırsaqlarda insan üçün faydalı olan bakteriyaları öldürür, bağırsaq hüceyrələrini parçalayır. İnsan sağlamlığı üçün faydasız bakteriyaları isə canlandırır və şəkər xəstəliklərinin əsasını qoyur. Tiroid, alsheymer, xərçəng xəstəlikləri, diabet, qan təzyiqi xəstəliyi, böyrək xəstəliyi, qaraciyər yağı, mədəaltı vəz xəstəliklərinə səbəb olur”.
Azərbaycanda da bu içkilərin həvəskarları çoxdur. Bu cür energetik içkilərin alıcıları isə daha çox gənclərdir. Energetik içkilər son illərdə Azərbaycan bazarına sürətlə yol tapdı. Bu içkilər uşaqdan tutmuş böyüyə qədər hər kəsə satılır. Energetik içkilərin televiziyada, yoldakı reklam lövhələrində, bir sözlə, hər yerdə güclü reklamı gedir. Uşaqların bu içkiləri qəbul etməsinin təhlükələri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hətta məktəblərin yaxınlığında belə istənilən energetik içkinin satışına rast gəlmək mümkündür.
Biz də ölkədə ən çox hansı energetik içkilərin satıldığını, qiymətlərini və bu içkinin daha çox hansı yaş kateqoriyalı insanların aldığını öyrənmək üçün bir neçə marketə baş çəkdik. Apardığımız müşahidə və satıcıların dediklərindən məlum oldu ki, marketlərdə ən çox alınan içkilər “Red Bul”, “Hell”, “Yaquar”dır.
“Rahat” marketin satıcısı bildirdi ki, bu içkiləri daha çox gənclər və orta yaşlı nəslin nümayəndələri alır: “Energetik içkiləri daha çox gənclər, tələbələr alır. Bu içkilər yaxşı satılır. Demək olar ki, mağazaya hər mal gətizdirəndə bu içkilərdən mütləq sifariş edirik. Elə insanlar olur ki, on dənəsini birdən alır. Qızlar arasında da sevilən içkidir. Amma daha çox oğlanlar alır. Eşitmişik ki, əslində ziyanlıdır. Amma hər kəsin öz damaq dadı var. Biz alana alma deyə bilmərik”.
Söhbətin bu yerində özünə “Red Bul” seçən alıcı Tərlan Salamaov gecə növbəsində işlədiyi üçü bu içkini içdiyini dedi: “Bu içkidə qəribə bir şey var. İnsanın əhvalını yaxşı edir, yuxum qaçır. Gün ərzində 2 dənə içirəm”.
Söhbətə qatılan digər alıcı isə fərqli düşüncədədir: “Əvvəllər sanki daha yaxşı idi. Elə gün yoxdur ki, mən energetik içki qəbul etməyim. Amma sanki mənə əvvəlki enerjini, yüksək əhval-ruhiyyəni vermir. Daha güclü enerji içkiləri satışa çıxarılsaydı yaxşı olardı”.
Bu içkiləri alan bir neçə alıcıdan onun fəsadları barədə xəbərdar olub-olmadıqlarını soruşduqda isə bəziləri bundan xəbərsiz olduqlarını, bəziləri isə deyilənlərə inanmadığını və bütün bunların şayiə olduğunu bildirdi.
Qeyd edək ki, marketlərdə “Red Bul”, “Hell”, “Yaguar”la yanaşı, “Dinamit”, “Troyka”, “XXİ”, “Revo”, “Rox”, “Lion” və digərləri də satılır. ABŞ, Fransa, Almaniya, Danimarka, Norveç, Avstraliya, Yeni Zellandiya və digər ölkələrdə bu içkilərin satışına qadağa qoyulub. Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxu qaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır. Bizim ölkəmizə əsasən Polşadan idxal edilir. Bu içkilər Avstriyada da çox istehsal olunur. Energetik içkilərin zərərləri barədə nəinki Azərbaycanda, bir çox dünya ölkələrində də həkim rəyləri olsa da, bu haqda müzakirələr aparılsa da ölkəmizdə buna məhəl qoyan yoxdur. Satışı qadağa olunmaqdansa, gün keçdikcə bu sahə daha da “çiçəklənir”, reklamları artır.
Maraqlıdır, bəs Azərbaycan həkimləri Canan Karatayın dedikləri ilə razıdırmı? Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, energetik içkiləri gün ərzində bir dəfədən artıq içmək məqsədəuyğun deyil: “Canan Karatayın energetik içkilərlə bağlı dediyi fikirlə tam razı deyiləm. Energetik içkilərin tərkibindəki dozalarla orqanizmi yükləmək və bundan daimi istifadə etmək ürək əzələsi üçün çox böyük yükdür. Bundan sonra ürək əzələsində olan qeyri-adekvat yükdən bəzən ürək əzələsinin boşalması baş verə bilər. Bu da energetik içkilərin daimi, fasiləsiz qəbulu ilə bağlıdır. Yəni ürək əzələsinə qeyri-adekvat yük vermək son nəticədə buna gətirib çıxara bilər. Bu içkilərin tərkibindəki maddələr orqanizm üçün əlavə yükdür və bu, təbii ki, öz neqativ təsirini göstərir. Xüsusilə də orta məktəb uşaqlarının bundan istifadəsi qəti məqsədəuyğun deyil. Sinir sistemi zəif, ürəyi xəstə olan, qan təzyiqi olan şəxslərin energetik içki qəbul etməsi düzgün deyil. Taksokardiya ilə müraciət edən xəstələrimiz olub ki, araşdıran zaman problemlərinin energetik içkilərdən istifadə ilə bağlı yarandığı ortaya çıxıb. Kardiomiopatiyalı xəstələr bu içkini qətiyyən qəbul etməməlidir. Bu içkini çox içmək kofeindən asılılıq deməkdir. Yalnızca ondan çox istifadə edənlərin orqanizmində neqativ təsirlər ola bilir”.