“Ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amildir”.
“Yenimeydan.info” xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bu gün ADA Universitetində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və FAO-nun birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva bu sahədə mövcud problemlərin münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini qeyd edib.
O, bildirib ki, miqrasiya məcburi deyil, könüllü seçim olmalıdır və milyonlarla insanın öz yurdlarını tərk etməməsi üçün regionların inkişafına sərmayə qoyulmalıdır. L. Əliyeva IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən altı ildə görülən işlərdən danışıb..
“Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” şüarı altında təşkil olunan tədbirin məqsədləri miqrasiya və pul köçürmələri axınının istehsala, sosial gərginlik və bərabərliyə təsirləri, həmçinin son nəticədə onların yoxsulluq və ərzaq təhlükəsizliyinə effektləri sahəsində anlaşılmanı yaxşılaşdırmaq və digər məsələləri müzakirə etməkdir.
Tədbirdə “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: Kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələr aparılacaq, iştirakçıların sualları cavablandırılacaq.