"Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək".
BakuPost.az xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
"Yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək", - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə bir neçə il bundan əvvəl tam orta təhsil səviyyəsində başlanmış təmayülləşmənin əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənərək 720 məktəbi və 10-cu sinifdə təhsil alan şagirdlərin 35 faizini əhatə edib.
"İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib, bu məqsədlə olimpiada hazırlıq mərkəzləri yaradılıb. Cari ildə respublika fənn olimpiadalarına 30 minədək şagird qatılıb ki, bu da ötən ilə nisbətən 9 faiz çoxdur. 2017-ci ildə Azərbaycan məktəbliləri dünya fənn olimpiadaları və bilik müsabiqələrində 2 qızıl, 6 gümüş və 32 bürünc medal qazanıblar", - deyə Mikayıl Cabbarov qeyd edib.
Nazir bildirib ki, ümumi təhsildə keyfiyyətin artırılması üzrə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib:
"Cari ildə ali məktəblərə 37624 nəfər qəbul olub. Tələbə adını qazanmış abituriyentlərin bilik səviyyəsinin yüksəlməsini aşağıdakı rəqəmlər ifadə edir. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz, 400-dən çox bal toplayanların sayı 19 faiz, 500-dən bal toplayanların sayı 28 faiz, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb".
Yenimeydan.info