Milli Məclis prezidentin etiraz etdiyi qanuna dəyişiklik məsələsinə baxıb. “Yenimeydan.info” xəbər verir ki, “Dövlət qulluğu haqqında” qanuna bu ilin iyunun 13-də Milli Məclis tərəfindən dəyişiklik edilmişdi. Həmin dəyişikliyə əsasən Məhkəmə-Hüquq Şurası Aparatı dövlət orqanlarının təsnifatına daxil edilmişdi. Ölkə başçısı bu dəyişikliyə etiraz edib.
Buna görə də qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məlum etiraza komitə tərəfindən baxılıb. İclasda da etirazın məqsədəuyğun olduğu qeyd olunub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları) daxildir.