Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olan Oqtay Qasımov “Yeni Müsavat”a müsahibəsində 1993-cü ilin iyununda AXC hakimiyyətinin Rusiyanın dəstəyi ilə devrilməsi haqda maraqlı açıqlamalar verib. Oqtay Qasımov bildirib ki, Rusiyanın Əbülfəz Elçibəy hakimiyyətini devirmək planının olması barədə hakimiyyət əvvəldən məlumat əldə edibmiş: “1993-cü ilin fevralında prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadənin Moskva səfəri baş tutdu. Səfərdən qayıdandan sonra Vəfa Quluzadə bildirdi ki, Rusiya AXC iqtidarını devirmək planlarını işə salıb”.
AXC hakimiyyətinin devrilməsindən bu gün 20 il keçir və indi də Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi planının olduğu söhbətləri yayılır. Bəs Rusiya 20 il öncəki kimi Azərbaycanda hakimiyyəti dəyişə bilərmi?
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə bu suala cavab verməmişdən öncə Oqtay Qasımovun açıqladığı məqamla bağlı ətraflı məlumat verdi. V.Quluzadə Rusiyaya səfərindən sonra prezident Əbülfəz Elçibəyə Moskvanın Azərbaycanla bağlı istəyinin nədən ibarət olduğu haqda məlumat verdiyini xatırladı: “Oqtay Qasımovun dediyi doğrudur. Yalnız mənim səfərimin aprel ayında olduğunu, deyəsən, unudub. Mənim səfərim fevralda yox, Kəlbəcər rayonu işğal olunandan az sonra-aprel ayında reallaşmışdı. Mən Rusiya hakimiyyətinin dəvəti ilə oraya səfər etmişdim. Rusiyanın xarici işlər nazirinin birinci müavini Adamişin məni qəbul etdi. Onunla əvvəldən tanış idim. Məni Moskvada böyük təntənə ilə qarşıladılar. Təyyarədən düşəndə fəxri karaula oxşayan bir qarşılama həyata keçirildi. Məni az qala prezident səviyyəsində qarşıladılar. Sonra məni Kremlin qonaq evlərinin birində yerləşdirdilər. Bu cür yüksək münasibət, açığı, məndə təəccüb doğurmuşdu. Cənab Adamişinlə görüşdə çox mehriban söhbət etdik, sonra o, mətləbə keçdi. Adamişin mənə dedi ki, biz istəyirik Əbülfəz Elçibəyi inandırasınız ki, Rusiyanın heç olmasa bir batalyon əsgərinin Kəlbəcər rayonuna yerləşməsinə razılıq versin. Kəlbəcər də yenicə işğal olunmuşdu. Mən də soruşdum ki, siz rus batalyonunu nə üçün Kəlbəcərə yerləşdirmək istəyirsiniz. Dedi ki, sizə kömək etmək üçün. Mən dedim ki, qoşununuzu yerləşdirsəniz erməni qoşunlarını Kəlbəcərdən çıxaracaqsınızmı, Cavabında dedi ki, yox. Dedim ki, o zaman Rusiya əsgərlərinin Kəlbəcərdə yerləşdirilməsinin Azərbaycana heç bir köməyi dəymir axı. Cavab verdi ki, Rusiyanın Azərbaycan ərazisində mövcud olması Azərbaycan üçün böyük əhəmiyyət daşıyar. Adamişinə dedim ki, təklifinizi prezident Əbülfəz Elçibəyə çatdıracağam. Gəldim Əbülfəz Elçibəyin yanına. Keçirdiyim görüş barədə məlumat verdim, eyni zamanda Rusiyanın təklifinin nədən ibarət olduğunu çatdırdım. Əbülfəz Elçibəy ”yox" cavabını verdi. Mən də bu cavabı Moskvaya çatdırdım. Bundan az sonra Azərbaycanda hərbi çevriliş baş verdi. Bu hərbi çevriliş Moskvada qurulmuş plan idi".
V.Quluzadə onu da bildirdi ki, əgər Əbülfəz Elçibəy Rusiyanın təklifini qəbul etsəydi, yaxından əməkdaşlığa getsəydi belə, Azərbaycanın rayonlarının işğalı prosesi dayanmayacaqdı: “Rayonlar da işğal olunacaqdı, Qarabağ konflikti həll edilməmiş qalacaqdı. Çünki bu, çoxdan hazırlanmış plan idi və addım-addım həyata keçirilirdi”.
İndiki vəziyyətə gəlincə, Vəfa Quluzadə hesab edir ki, indi Rusiya Azərbaycanda heç bir çevriliş etmək iqtidarında və arzusunda deyil: “Lakin bilmək lazımdır ki, artıq Rusiya ABŞ-ın kiçik partnyoru kimi əməkdaşlıq edir. Əvəzində də Amerikadan pay almağa nail ola bilir. Odur ki, belə bir variant ola bilər; Rusiya ilə ABŞ-ın əməkdaşlığı nəticəsində Amerikanın enerji məsələlərində maraqlarına toxunmayaraq Rusiya öz maraqlarını Azərbaycanda bərpa edir. Gürcüstan tamamilə ABŞ-ın nəzarətində olan NATO ölkəsi olur. Rusiya da bir pay almalıdır. Rusiyanın payı isə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi İttifaqına daxil olmaq və orada Ermənistanla bərabər Rusiyaya xidmət etməsidir. Bax, mən belə bir planın olduğunu hiss edirəm. Hesab edirəm ki, Azərbaycanla bağlı Rusiya-Amerika razılaşması var. Bu razılaşma əsasında Azərbaycanda siyasi planlar həyata keçiriləcək. Mən bu məsələni detallarına qədər bilirəm, amma hələlik detallar haqqında danışmaq istəmirəm. Hələlik ümumi şəkildə dedim”.
Etibar SEYİDAĞA