Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş Azərbaycan torpaqlarının bir hissəsinin qaytarılması ilə bağlı verdiyi açıqlamasına etiraz edib.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, qərargah rəisi bildirib ki, hər hansı torpağın Azərbaycana qaytarılmasından söhbət gedə bilməz:
“Çünki Dağlıq Qarabağın (qondarma respublikanın-red.) təhlükəsizliyi üçün bütün rayonlar istisnasız olaraq vacibdir. Qarabağ sərhədi boyu elə təhlükəsizlik sistemi yaradılıb ki, ən kiçik pozuntu dönüşü olmayan nəticələrə gətirib çıxara bilər.”
Xatırladaq ki, daha əvvəl Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bəyan etmişdi ki, Qarabağa (qondarma respublikaya -red.) təhlükə yaratmayacaq torpaqların Azərbaycana qaytarılması istiqamətində danışıqlar gedir.