Bu gün Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymer xəstəliyinin artma tezliyi də yüksəlib.
“Yenimeydan.info” Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Psixi Sağlamlıq Mərkəzinin Müalicə və poliklinika şöbəsinin müdiri Səbinə Rəşidova deyib.
Onun sözlərinə görə, xəstəliyin simptomları əqli geriliklə müşahidə olunur, yaddaş zəifləyir, qavrama və təfəkkür prosesləri ləngiyir. Bu, sonda intellektin azalmasına səbəb olur:
"İlk mərhələdə bu proseslər elə də hiss olunmur. Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşını almaq vaxtını uzatmaq mümkündür. Lakin tam müalicəsi yoxdur".
S.Rəşidova əlavə edib ki, altheymer xəstəliyi beynin neyro-degenerativ xəstəliyidir. Bu xəstəlik adətən 60-70 yaşlı insanlarda müşahidə olunur. 60-70 yaşda olan insanların 1,6 %-i, 70-80 yaş arasında 20 %-i, 80 yaşdan yuxarı insanların isə 40 %-də bu xəstəliyə rast gəlinir.
Həkim qeyd edib ki, xəstəliyin yaranmasında genetika da rol oynayır. Eyni zamanda, oturaq həyat tərzi, stress, depressiya, düzgün qidalanmamaq, şəkərli diabet, hipertoniya kimi xəstəliklər Altsheymerin erkən yaranmasına səbəb olur.