Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib.
XİN-dən daxil olan xəbərə görə, iclasda Azərbaycan adından çıxış xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən təqdim olunub.
Kontakt qrupun ikinci iclasında Azərbaycan tərəfindən təqdim olunan çıxışda Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyətin nəinki dəyişməz qaldığı, hətta cəbhə xəttində toqquşmaların intensivləşdiyi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi hallarının daha da artdığı qeyd olunub.
İƏT-ə üzv dövlətlərinə Xocalı şəhəri və digər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım hallarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırış edilib.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin əsas tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi qeyd olunaraq 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan vasitəçilik səylərinin hələ nəticə vermədiyi vurğulanıb. Toplantı iştirakçılarına bu ilin iyul 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxsin həlak olması, bir nəfərin isə ağır yaralandığı barədə məlumat verilib.
İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb.