Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin yaxın günlərdə Bakıda keçiriləcək dəfn mərasimində oğlu Norman Lütfizadə iştirak etməyəcək.
"Qafqazinfo" xəbər verir ki, bunu barədə AzVision.az-a Norman özü bildirib. O, hazırda Bakıya gəlmək barədə düşünmədiyini deyib.
“Bakıya gəlməyim mümkünsüz deyil. Amma hazırda belə bir səfər planımda yoxdur”
O, atasının dəfn mərasimində hansı səbəbdən iştirak etməyəcəyini açıqlamayıb.
Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova isə AzVision.az-a bildirib ki, cənazə həftənin şənbə və ya bazar günü Bakıya yola salınacaq.
Lütfi Zadənin cənazəsi Bakıda I Fəxri Xiyabanda torpağa tapşırılacaq. Dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Lütfi Zadənin məzar yeri bir neçə gün əvvəldən qazılıb.
Xatırladaq ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.