Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 ümumi təhsil məktəbində 2017-2018-ci tədris ilində 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulub.
İdarədən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 212 məktəbdə 432 sinifdə 10 077, rus bölməsi üzrə 46 məktəbdə 67 sinifdə 1378 şagirdin təhsil alması planlaşdırılır.
Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətləri üzrə fəaliyyət göstərəcək.
BŞTİ-dən bildirilib ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsilini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.
Ümumi təhsil məktəblərində təmayül istiqamətləri üzrə ayrıca tədris plan və proqramları hazırlanaraq təsdiq olunub. Təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olacaq.