Yapon şirkəti “Aspark” Frankfurt sərgisində “Owl” adlı hiperkarı təqdim edəcək.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin hazırladığı avtomobil saatda 100 km sürəti 2 saniyədən az vaxtda yığır.
Yapon şirkəti bununla da, dünyanın ən elit avtomobillərini sürət baxımından geridə qoya bilər.
Hazırda saatda 100 km sürəti ən qısa müddətdə yığan dünyanın ən sürətli avtomobili “Dodge Challenger SRT Demon”dur (2,3 saniyə). Bu baxımdan o, “Bugatti Chiron”dan bir qədər sürətlidir. Belə ki, “Bugatti Chiron” həmin nəticəni 2,4 saniyə ərzində əldə edir.
“Owl” adlı hiperkar barəsində hələlik məlum olan tək şey, onun elektrik yük qurğusuna və yüngül təkər disklərinə sahib olacağıdır. Şirkətin məlumatına əsasən avtomobilin gövdəsi karbon liflərindən hazırlanıb. Onun hündürlüyü isə 990 millimetrdir. Yerdə qalan bütün texniki parametrlər isə 1 həftə sonra keçiriləcək Frankfurt sərgisində tədbirində təqdim olunacaq.
Qeyd edək ki, “Owl” 2014-cü ildən etibarən hazırlanır.