Almaniyada boks üzrə dünya çempionatına qatılan milli komandamızın üzvləri sentyabrın 3-ü saat 21:00-da vətənə qayıtmalı idilər. "Qafqazinfo" xəbər verir ki, boksçularımızdan 3-ü Kamran Şahsuvarlı, Pərviz Bağırov və Lorenso Sotomayor ölkəyə qayıda bilməyiblər. Onların Bakıya vaxtında gəlməməsinə səbəb isə təyyarəyə gecikmələri olub.
Millimizin üzvlərindən yalnız dünya çempionu olan Məhəmmədrəsul Məcidov vaxtında paytaxtımıza qayıda bilib.
Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının da mövqeyini öyrəndik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov "Qafqazinfo"ya açıqlamasında xəbəri təsdiq edib: "Bəli, boksçularımız İstanbul-Bakı reysinə gecikdikləri üçün Türkiyə paytaxtında qalanlar olub. Onlar növbəti reyslərlə vətənə qayıdıblar".
Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.