“Könüllü fahişəlik fəaliyyəti göstərən qadınların tibbi müayinədən keçirilməsinə ehtiyac yaranıb”.
Bunu virtualaz.org saytına Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib. Təşkilat rəhbəri bildirib ki, son zamanlar xüsusilə masaj salonlarında, barlarda, saunalarda özünə məskən tapmış yüngül əxlaqlı qadınlar vasitəsilə Hepatit C virusuna yoluxanların sayı artıb: “Artıq beynəlxalq təşkilatlar da xəstəliklərin yayım faizinin artmasından narahatçılıqlarını bildirir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi statistikanı azaltmaqla problemin müzakirəsinə mane olur. Lakin hazırda təhlükəli vəziyyət yaranıb və hər kəs viruslara yoluxma riski ilə üzləşib”
M.Əzizova qeyd edib ki, əvvəllər Ramana qəsəbəsində qapalı tipli dəri-zöhrəvi xəstəxanası fəaliyyət göstərirdi: “Saxlanılan qadınlar bu xəstəxanada məcburi tibbi müayinəyə cəlb edilirdi və xəstəlik aşkarlandığı halda müalicə olunurdu. Sonradan xəstəxanada saxlanılan qadınların axşamlar satıldığına dair məlumatlar yayıldı. Digər tərəfdən, beynəlxalq təşkilatlar məcburi müayinəni insan haqlarının pozulması kimi qiymətləndirdi. Nəticədə xəstəxananın fəaliyyəti dayandırıldı”.
M.Əzizova saxlanılan qadınların maarifləndirilməsi və pulsuz müayinə edilməsi təklifini irəli sürüb: “Məcburi müayinə insan haqlarının pozulması kimi qiymətləndirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, yoluxucu xəstəliklər təkcə bu qadınların deyil, bütün cəmiyyətin problemidir”.
virtualaz.org