Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hazırda gün ərzində 400-450 nəqliyyat vasitəsi ilə təxminən 11-12 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən yuxarı sərnişin daşınması nəzərdə tutulur. Kənardan dəvət olunmuş nəqliyyat vasitələrində qiymət intizamına nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya yaradılmışdır. Avtovağzaldan bütün təyin olunmuş qrafiklər üzrə reyslərə bilet satışları avtovağzalın qabaqcadan satış kassaları vasitəsilə və həmçinin onlayn qaydada 10 gün qabaqcadan həyata keçirilir.