Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırmışdı.
O açıqlamasında bildirmişdi: “Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib.
Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, Modern.az qəza baş verən an Nail Allahverdiyevin öz evində olmasını israrla vurğulayan və mətbuatı şou yaratmaqda günahlandıran Astan Şahverdiyevə yenidən müraciət edib.
Astan Şahverdiyev məsələ ilə bağlı açıqlama vermək istəməyib: “Xahiş edirəm mənə heç bir sualla müraciət etməyin. Mən danışmaq istəmirəm. Heç nədən, alacağım cəzadan da qorxmuram”,- deyərək dəstəyi asıb.