“Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. Biz o dövrdə redaksiyalardan mühasibatlıq sənədlərini tələb edirdik. Redaksiyaların 90 faizində mühasibatlıq sənədləri yox idi”.
Yenimeydan.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində təşkil edilən "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfransda Fondun rəhbəri Vüqar Səfərli deyib.
V. Səfərli bildirib ki, həmin vaxt redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqları paket halında verilib: "Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yenə belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra halda jurnalistlərin əmək haqlarını aşağı göstərir. Onlar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistem artıq tətbiq olunur, əmək müqavilələri ilə bağlı məlumat avtomatik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Jurnalistlər bunu bilməlidirlər".
V. Səfərli qeyd edib ki, yeni binada mənzil almaq üçün namizədliyi irəli sürülən jurnalistlərin əmək stajı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilib: "2006-cı ildən əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar qeydə alınıb, elektron qaydada saxlanılır, sosial kartlar mövcuddur. Şübhə doğuran jurnalistlərin əmək stajı ilə bağlı sorğulara cavablardan məlum olub ki, bir çox halda əmək kitabçasına iş stajı barədə möhür vurulub, ancaq bu, saxtadır. Bu, əslində cinayətdir".