Dünən “Pen Klub” verilişində yazıçı Əkrəm Əylisli ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər katibi Rəşad Məcid arasında qalmaqal yaşanması haqda məlumat vermişik. Xəbərdə deyilirdi ki, Rəşad Məcid Əkrəm Əylislinin əmək hüquqları və qalmaqallı “Daş yuxular” əsəri ilə bağlı danışmağa başlayanda sonuncu əsəbiləşib və buna mane olmağa çalışıb. Əylisli əsəbi şəkildə bunları deyib:“Sən nə qanırsan əsər nədir? Sən nə qanırsan Azərbaycan ədəbiyyatı nədir? Bir hekayə yazmısan, mənə də deyiblər ki, o hekayə haqda müsbət fikir de. Keçmişini niyə unudursan?”
Rəşad Məcid isə bu ittihamların qarşılığında susaraq cavab verməyib. Rəşad Məcidin Əkrəm Əylisliyə niyə sona qədər cavab vermədiyini öyrənmək üçün onunla əlaqə saxladıq. “Qafqazinfo” xəbər verir ki, AYB katibi virtualaz.org-a açıqlamasında bildirib ki, Əkrəm Əylisli haqqında danışmaq uzun məsələdir: “Verilişdə istədim onun əmək hüquqları ilə bağlı danışım, o, əsib-coşdu, özündən çıxıdı. Mən onun yaşına və halına acıyaraq susdum. Əkrəm Əylisli mənim cavanlığımda onun əsərlərinə hörmətimdən danışdı”.
Rəşad Məcid verilişdə demək istədiyi fikirlərini belə açıqladı: “Mən cavanlığımda Əkrəm Əylisli ilə bir yerdə oturarkən şoka düşürdüm. O, qəlbində xılt, kin olan insandır. Mən gənc bir ədəbiyyat həvəskarı kimi bir neçə dəfə onun yanında Yusif Səmədoğlunun “Qətl günü” romanını tərifləmişəm. Əkrəm Əylisli o dəqiqə Yusif Səmədoğlunun ailəsi haqqında şər-böhtan danışmağa başlayırdı. Başqa bir xalq şairi aparıb bizə qonaqlıq verib. Xalq şairi bizdən ayrılandan iki dəqiqə sonra başlayıb onun da əleyhinə danışmağa, ağzına gələn sözləri onun haqqında deməyə. Əkrəm Əylisli ikiüzlü, riyakar və çox abırsız bir insandır. Azərbaycan xalqını təhqir edən əsər yazıb, yenə də utanmır insanlara ağsaqqallıq dərsi keçir. Onu uşaqlığımdan tanıyıram. Bu insan o qədər kinli, xıltlı insandır ki, bu cəhətləri özünü adamın ömrünün 70-li illərində də büruzə verir. O, bu əsəri yazdı. Əkrəm Əylisli haqqında demək istədiyim budur ki, Azərbaycan dilində yaxşı əsər yazıb əclaf adam olmaq da mümkündür”.