Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələr həm çalışıb, həm də təhsillərini davam etdirə biləcəklər.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O bildirib ki, bu gün təhsildə yeni anlayışlar meydana gəlib və bunlar tədrisə qismən və ya tam cəlb olunmadır: “Tədrisə tam cəlbolunma yalnız dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrə şamil ediləcək. Tədrisə cəlb olunan tələbələr hər semestrdə 30 kredit dərs ala bilər, bundan əlavə 10 kredit dərs götürə bilərlər. Tədrisə qismən cəlb olunan tələbələr isə oxuduğu müddətdə çalışa bilərlər. Bu halda tələbələr ən azı 2 fənni dinləyərək tədris almalıdırlar. 20 kreditdən çox olmamaq şərtilə müəyyən bir müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsili davam etdirsin. Əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə 2 fənni seçə bilər və fənlərə-kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər”.
Y. Piriyev qeyd edib ki, təhsilə qismən cəlb olunma qiyabi təhsil forması deyil. Onun sözlərinə görə, qiyabi təhsil formasında təhsil alanlar ildə 1 dəfə bir ay müddətində sessiyada iştirak edirlər. Nazirlik rəsmisi deyib ki, onlar imtahanda iştirak etdikləri halda növbəti sessiyaya cəlb olunurlar: “Biz qiyabi təhsil formasını tələbə qəbulunda azaltmışıq. Elə ixtisaslar var ki, orada qiyabi təhsilin aparılması məqsədəmüvafiq deyil. Qismən tədrisə cəlbolunmada belə bir imkan yaranıb ki, tələbə özü 2 fənn üzrə müəllimi seçsin və özü özünün tədris planının hərəkət trayektoriyasına uyğun olaraq müəyyənləşdirsin”.
Y. Piriyev əlavə edib ki, əvvəllər tələbələrin təhsilə davamiyyətində 25% məhdudiyyət var idi: “Yeni qaydalara əsasən, Gənclər və İdman Nazirliyinin yığma komandasının üzvlərinə bu 25%-lik məhdudiyyət şamil edilmir. Bu ən maksimal qiymət ali məktəblərin özləri tərəfindən müəyyənləşdirilir”.