İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.
APA TV-nin məlumatına görə, bu sistem BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb.
İttifaqın Cenevrədə keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub. Mükafatı təşkilatın baş katibi Xoulin Çjao təqdim edib. Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının mükafatına layiq görülüb.
Artıq 3 ilə yaxındır ki, tətbiq edilən, Azərbaycanın yerli mütəxəssislərinin bilik və bacarığının məhsulu olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək bazarına nəzarətin operativ və səmərəli təşkilində, bu sahə ilə bağlı dəqiq uçotun aparılmasında, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, əmək və sosial hüquqların təminatında xüsusi əhəmiyyət kəsb edir.
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilir. 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.