“Son zamanlar Azərbaycanda ürək qüsuru ilə doğulan uşaqların sayı artıb. Bu sahədə faizlərin artması diaqnozun vaxtında və düzgün qoyulması ilə əlaqəlidir". APA-nın xəbərinə görə, bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əgər əvvəllər uşaqların hansı səbəbdən ölməsi bilinmirdisə, bu gün ölüm səbəbləri, bunun ürəklə əlaqəsinin olub-olmaması dərhal müəyyənləşir. Baş kardioloq qeyd edib ki, uşaqlarda anadangəlmə ürək qüsurlarının artmasının ən mühüm səbəbi qohumlar arasında evliliyin çox yayılmasıdır.
O bildirib ki, mətbuatda, cəmiyyətdə problem mütəmadi qaldırılaraq qohum evliliyi nəticəsində müxtəlif xəstəliklərin genetik olaraq uşaqlara keçməsi riskinin böyük olduğu izah edilir.
Kardioloq vurğulayıb ki, hər zaman olduğu kimi bu gün də qadınlar arasında ürək xəstəlikləri geniş yayılıb: "Qadınlarda arterial hipertenziyanın, kardiovaskulyar xəstəliklərin yayılması daha çoxdur. Kardiovaskulyar xəstəliklər qadınlarda 52%, kişilərsə 48% təşkil edir. Bundan əlavə 65 yaşından sonra qadınlarda ürəyin işemik xəstəliyi sürətlə artmağa başlayır və kişilərdən çox rast gəlinir. Ürək xəstəliklərindən əziyyət çəkənlər Bakıda çoxluq təşkil edir. Çünki paytaxtda urbanizasiya nəticəsində ekologiyanın pozulması, emosional stressin artması ürək-damar xəstəliklərinin artmasına zəmin yaradır. Ölkədə ürək və beyin xəstəlikləri ümumi ölümlərin 60 faizini təşkil edir. Bundan sonra onkologiya, travmatologiya və digər xəstəliklər üzrə ölümlər gəlir".
F.Quliyev əlavə edib ki, son zamanlar Azərbaycanda ürək-damar xəstəlikləri ilə yanaşı, nevroloji problemlər, insultlar, beyin qan dövranı çatmazlığı artır. Onun sözlərinə görə, işləməyən insanlarda bu xəstəlik daha çox müşahidə olunur: “Belə insanlarda depressiya halları daha çox olur ki, bu da qəfləti ölüm riskini 5 dəfə artırır. Kimsə işsiz qalırsa, iş tapa bilmirsə, yaxud işsizlikdən ailə həyatı qura bilmirsə bunların hamısı daxili gərginliklərin yaranmasına səbəb olur. Ona görə də işləməyən insanlar arasında ölüm halları işləyənlərə nisbətən daha çox olur".