Azərbaycanda hostellərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.
Nazir deyib ki, bu yaxınlarda Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıq və sərəncam verib:
"Qanunvericlik çərçivəsində özəl evlərdə və yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olan zaman müvafiq şərtlərə əməl olunmalıdır. Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı tapşırıqlar verilib. Biz hazırda onun üzərində işləyirik. Düşünürəm ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunacaq. Bundan sonra artıq insanlar hostellərin nə olduğunu kifayət qədər aydın təsəvvür edə biləcəklər".
Nazir qeyd edib ki, bu gün hostellərin fəaliyyəti pərakəndə şəkildə təşkil edilir:
"Tendensiya göstərir ki, hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar kifayət qədər normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər".