Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarında, yurd yerlərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb”.
Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur: “Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurdundan didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq, işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı 193 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir”.
H.Hüseynova qeyd edib ki, dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub: “61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb”.