Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət xəttində dəyişiklik edilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə bildirib ki, dəyişikliyin məqsədi bu il çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir:
"Mövsümi xarakretli dəyişikliyə əsasən, iyunun 1-dən etibarən 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə, 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına, 173 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə, 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən “Qızılqum” sanatoriyasına, 189 nömrəli müntəzəm marşrutdan 1 avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına, 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə, 108 və 134 nömrəli marşrut xətti üzrə avtobuslar “Görədil” və “Fatmayi” bağlarına, 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək".