İkinci beynəlxalq dolma festivalı iyun ayında Xaçmaz şəhərində təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev məlumat verib.
Xaçmaz şəhərinin şimal girişində yerləşən Çənlibel istirahət parkında təşkil olunacaq festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən dolmalar sərgilənəcək.
Festivalda müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi I Beynəlxalq dolma festivalı 2016-cı ilin iyul ayının 1-də Abşeron rayonunda keçirilib.
Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.