2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 100 ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb.
İdarədən Trend-ə verilən məlumata görə, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Guşənin yaradılması milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltmək məqsədlərinə xidmət edir.
“Milli Qəhrəmanlar” guşəsinin yaradılması ilə bağlı keçirilən tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, paytaxtın Rayon İcra Hakimiyyətləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Qarabağ əlilləri təşkilatının nümayəndələri, şəhid ailələri, habelə məktəblərin şagird və pedaqoji kollektivləri iştirak ediblər.
Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə çıxış edənlər aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlardan, ordumuzun gücündən bəhs edib, gənclərə müvafiq tövsiyələrini veriblər.
Tədbirlərdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirib, maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.
Qeyd edək ki, növbəti tədris ili ərzində digər paytaxt məktəblərində də “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulur.