“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr siyahısına daha 12 dövlət (Baham adaları, Barbados, Boliviya, Ekvador, Honduras, Maldiv, Mavriki, Paraqvay, Peru, Seyşel adaları, Yamayka, Kolumbiya) əlavə edilib.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Beləliklə, fəaliyyətinin başlanğıcında “ASAN Viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, “ASAN Viza”nın günü-gündən inkişafı və əhatə dairəsinin genişlənməsi nəticəsində hazırda bu rəqəm 93 ölkə təşkil edir.
Qeyd edək ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.
Həmçinin, “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.