“Gündəm Xəbər” qəzeti Daşkəsəndə etiraz aksiyası keçirilməsi haqda məlumat yayıb. “Əhəd Abıyevə qarşı üsyan” “Daşkəsəndə etiraz nümayişi olub, icra hakimiyyətinə 3 gün möhlət verilib” sərlöhvəli yazı dərc olunub. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Yeni Müsavat"a müsahibəsində yazılanlarla bağlı bunları deyib.
- Daşkəsən rayonunda heç bir etiraz nümayişi olmayıb. Bu barədə söhbət gedə bilməz. Yazı qərəzlidir, böhtandır. Mən bu məsələ ilə bağlı qəzetin baş direktoru ilə danışdım. Şirin Cəfərliyə xəbərdarlıq edərək bildirdim ki, təcili təkzib versinlər. Əks təqdirdə yalan, böhtan, qərəz dolu yazı ilə bağlı qəzeti məhkəməyə verəcəyəm. O da səhvini başa düşüb təkzib verəcəyi haqda mənə söz verdi. Hesab edirəm ki, Şirin müəllim sözünü tutacaq.
- Əhəd müəllim, Daşkəsən ərazisindəki yay otlaq sahələrinin idarə olunması ilə bağlı məsələ nə yerdədir?
- Daşkəsənin icra başçısı olaraq bildirirəm ki, rayonun inzibati ərazisində yerləşən yay otlaq sahələrinin istifadəçiliyində uzun müddətdir ki, ciddi problemlər olub. Dələduzlar və fırıldaqçılar fermer təsərrüfatı adı altında açıq-aşkar qanunsuz əməllərə yol veriblər. Buna görə biz Daşkəsən rayon İcra Hakimiyyəti olaraq belə bir vəziyyətə biganə qala bilməzdik. Belə ki, Daşkəsənin inzibati ərazisindəki yay otlaq sahələri sabiq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Azərbaycan SSR Nazirlər Sovetinin 1951-ci il tarixli 156 saylı və 557 saylı birgə qərarları ilə Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Samux və Yevlax rayonlarının ərazisindəki kolxoz və sovxozlara Daşkəsən ərazisindəki yaylaqlar heyvandarlıqla məşğul olmaları üçün istifadələrinə verilib. Bildiyiniz kimi müstəqillikdən sonra sovxoz və kolxozlar ləğv olunub. Sovxoz və kolxozun mal-qaraları yerləşdikləri rayonların ərazisində yaşayan yerli vətəndaşların özünə verilib. Hazırda Daşkəsənə gətirilən davarların yerləşdirilməsi çətinliklər yaradır. Bununla bərabər yay otlaqlarına normadan artıq mal-qara gətirilməsi nəticəsində ot örtüyü tamamilə məhv olur, mal-qaranın gətirildiyi yollar dağılır, baytarlıq-sanitariya, otarma norma qaydalarına əməl olunmur. Rayona mal-qaranı yaylağa gətirən qonşu rayonların fiziki və hüquqi şəxsləri qaçqın və məcburi köçkünlərin adı altında torpaqları zəbt edirlər. Halbuki həmin mal-qara və qoyun sürülərini otaran çobanların heç 5 baş qoyun-quzusu yoxdur. Hamısı ayrı-ayrı məmurların, səlahiyyət sahiblərinin fermer təsərrüfatlarıdır. Bu da yerli əhali, kənd camaatı ilə müəyyən problemlər yaradır, qarşıdurmalar olur, kriminal hadisələr baş verir. Müəyyən mafioz qüvvələr yay otlaq sahələrini uzun müddətdir ki, zəbt ediblər, qanunsuz əməllərlə məşğuldurlar. Daşkəsən əhalisi otlaq sahələri yerləşən torpaqları zəbt olunduğu üçün yerli və mərkəzi icra hakimiyyəti orqanlarına şikayət və ərizə yazaraq narazılıqlarını bildirirlər. Öz yaylaq torpaqlarının özlərinə qaytarılmasına köməklik olunmasını istəyirlər.
- Mafioz qüvvələr dedikdə kimləri nəzərdə tutursuz?
- Qonşu rayonlardan Daşkəsənə mal-qara gətirib burada torpaqları zəbt edirlər. Yerli əhalinin də iqtisadiyyatının əsasını heyvandarlıq təşkil edir. Camaat mal-qara, kənd təsərrüfatının ayrı-ayrı sahələri - əkinçilik, bostançılıq, tərəvəzçilik, arıçılıqla məşğuldur və əsasən bu fəaliyyətləri yay otlaqlarının hesabına ödənir. Məhz bunun üçün rayonun inzibati ərazisindəki yay otlaq sahələrinin idarə olunması səlahiyyəti hər bir yerli icra hakimiyyətinə verilməsi məqsədəmüvafiq hesab olunur. Əgər yaylaq sahələri yerləşdikləri rayonların istifadəsinə verilsə, belə sahələrlə bağlı problemlər də aradan qalxacaq. Heç bir narazılıq, şikayət olmayacaq.
Bu məsələ ilə bağlı icra başçısı olaraq hörmətli baş nazir cənab Artur Rasizadəyə rəsmi şəkildə müraciət etmişəm. Hörmətli cənab baş nazir aidiyyatı üzrə nazirliklərə, rayon rəhbərlərinə məktublar yazıb, nəticədə müvafiq rəylər alınıb. Xüsusilə də hörmətli nazirlər İsmət Abbasovdan, Qərib Məmmədovdan, Fikrət Məmmədovdan, o cümlədən Daşkəsənlə qonşu rayon olan icra başçılarından - Alı Qocayevdən, Arif Seyidovdan, Məhərrəm Quliyevdən, Ayaz Əsgərovdan, Tofiq Zeynalovdan, Nazim Veysəlovdan, Qoca Səmədovdan razılıq məktubları alınıb. Onlar da Daşkəsən ərazisindəki yay otlaq sahələrinin rayon icra hakimiyyətinin idarəçiliyinə verilməsini məqsədəmüvafiq hesab edirlər və bu məsələni nəzərə alıb problemin həll olunmasını onlar da xahiş edirlər.
Bildiyimiz kimi qarşıdan prezident seçkiləri gəlir. Yerlərdəki belə problemlər qısa müddətdə öz həllini tapmalıdır. Belə vəziyyətdən bəzi imkanlı mafioz qüvvələrin istifadə etməsinə imkan vermək olmaz. Onlar qarşıdurma yaratmasın, zorakılıq tətbiq etməsin. Əsassız yazılarla hədə-qorxu gəlməsinlər. Əks təqdirdə həmin fermer təsərrüfatların arxasında duranlar, bu təsərrüfatların əsas sahibləri ifşa olunacaq və barələrində tədbir görəcəyik. Hazırda yaylaq sahələrinin idarə olunmasının yerli icra hakimiyyətlərinə verilməsi məsələsi ilə bağlı Nazirlər Kabinetində qərar hazırlanır. Bununla da yaranmış problem həllini tapacaq, işbazların açıq bazarına son qoyulacaq. Bu məsələ Prezident Administrasiyasının nəzarətindədir. Tezliklə bu ciddi problem də öz həllini tapacaq.
- Daşkəsəndəki ümumi vəziyyətlə bağlı nə deyə bilərsiz?
- Prezidentin rəhbərliyi ilə respublika iqtisadiyyatının bütün sahələri sürətlə inkişaf edir. Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən Daşkəsən İcra Hakimiyyəti “Yeni Daşkəsən” layihəsi hazırlayıb və həyata keçirməkdədir. Layihə “2011-2015-ci illər Sosial İqtisadi İnkişaf” Dövlət Proqramı əsasında elmi əsaslarla işlənib hazırlanıb. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, turizmin inkişafı, yeni iş yerlərinin açılması nəzərdə tutulur. Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binası tikilir, Muşava, Əmirvar, Əhmədli, Bayan, Quşçu kəndlərində, Daşkəsən qəsəbəsində kənd orta məktəblərinin binalarının tikintisi yekunlaşmaq üzrədir. Daşkəsən şəhərində 5 saylı uşaq bağçasının 2 mərtəbəli, 150 körpənin yerləşəcəyi bağça tikilib tezliklə istifadəyə veriləcək. Zağallı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı tikintisi və təmiri, Daşkəsəndə yeni avtovağzalın tikintisinə başlanması, rayonda sosial iqtisadi inkişafla bağlı dövlət proqramı uğurla həyata keçirilir. Təhsil, mədəniyyət, səhiyyə və digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi, abadlıq-quruculuq işlərinin görülməsi rayon ictimaiyyətinin razılığı ilə qarşılanır. Rayon ictimaiyyəti prezident seçkilərində də öz fəallıqlarını nümayiş etdirəcəklər.
- İyunun 7-də YAP-ın qurultayı oldu. Qurultay iştirakçısı kimi, bu haqda nə deyə bilərsiniz?
- YAP 2013-cü ildə keçiriləcək prezident seçkilərində möhtərəm prezident İlham Əliyevin namizədliyini yenidən irəli sürdü. İyunun 7-də Bakıda “Buta” sarayında YAP-ın möhtəşəm 5-ci qurultayı oldu. 600 mindən çox üzvü olan YAP-ın qurultayında nümayəndə kimi mən də iştirak etdim. Azərbaycan xalqı Azərbaycanın parlaq gələcəyini prezident İlham Əliyevin adı ilə bağlayır. Ona görə də YAP məhz xalqın iradəsinə, istəyinə dayanaraq İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Cənab İlham Əliyev Heydər Əliyev yolunun layiqli davamçısı olaraq Azərbaycanı daha böyük hədəflərə çatdıracaq, xalqımızı firavan həyata qovuşduracaq. Müasir Azərbaycan Heydər və İlham Əliyevlərin şah əsəridir.
- Əhəd müəllim, bir şəxsin üçüncü dəfə prezident vəzifəsini tutmasının beynəlxalq normalara və ölkə qanunlarına zidd olması haqda deyilən tənqidləri görməzdən gəlmək, sizcə, nə dərəcə doğrudur?
- Bu, ölkəmizi və xalqımızı istəməyən qüvvələrin uydurması və qərəzidir. 2009-cu ilin martında Azərbaycan xalqı referendum vasitəsi ilə konstitusiyaya dəyişikliyə səs verib. Bununla da bir şəxsin 3-cü dəfə prezident olmasını yasaqlayan məlum bənd konstitusiyadan çıxarılıb. Belə olan halda hansı qanunsuzluqdan söhbət gedə bilər?! Xalq özü ortaya siyasi iradə qoyaraq cənab İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsinə səs verib, bunu qanunlaşdırıb. Yeri gəlsə, İlham Əliyevə heç prezidentlik lazım deyil, amma Azərbaycan xalqına cənab İlham Əliyevin prezidentliyi mütləq lazımdır. Bunu xalq istəyir. Bizim iqtidar xalqın iradəsinin ziddinə fəaliyyət göstərmir. Əksinə, xalqın tələbinə hörmətlə yanaşır.
- İqtidar özünə bu qədər arxayındırsa, xalqın iradəsinə güvənirsə o zaman niyə bu qədər narahatdır? Hətta YAP qurultayını 2 ay əvvələ keçirdi...
- Əvvəla, heç bir narahatçılıqdan söhbət gedə bilməz. Çünki bizim namizədimizə, ölkə rəhbərimizə, bu iqtidara, dövlətçiliyə xalqımızın böyük inamı var. Bu inamı heç kim qıra bilməz. Əgər ölkədə xalqın dəstəyinə deyil, xarici dəstəyə söykənmək istəyənlər olacaqsa onlar qərəzli mövqelərinə görə layiqli cavablarını alacaqlar. YAP-ın namizədi olan cənab İlham Əliyevin qarşısında rəqabət aparmaq qabiliyyətində olan heç bir güc, qüvvə görmürəm. İkinci layiqli namizəd də yoxdur.
- Əhəd müəllim, son qurultayından sonra kənarda qalan bir sıra tanınmış YAP-çılar narazılıqlarını bildirdilər. Bunlardan biri də Əli Əlirzayevdir. Onun etirazını necə qiymətləndirirsiniz?
- Heç şübhəsiz ki, Əli Əlirzayev, onun kimi insanların kənarda qalmasının ola bilsin ki, səbəbləri var. Ölkə rəhbəri bu gün respublikada gedən siyasi prosesləri çox gözəl bilir. Bu gün hər bir Azərbaycan vətəndaşına çaşmaq olmaz, gərək siyasi səhvə yol verməyəsən. Dövləti, milləti, hökumətini sevəsən. Belə çıxır ki, Əli Əlirzayev deputat olanda YAP yaxşı partiya idi, amma deputat seçilməyəndə, Siyasi Şuraya düşməyəndə YAP pis olur? Mən bu yanaşmanı ədalətli, obyektiv və insaflı yanaşma saymıram və belə qərəzli yanaşmaya çox pis baxıram. Xüsusilə də Əli müəllim kimi ağsaqqal bir adamın bu cür qərəzli mövqedən çıxış etməsi məqsədə uyğun deyil. YAP-ın və bu iqtidarın hesabına əldə etdiyi nailiyyətlər, maddi və mənəvi qazanc adamın burnundan gələr. İnsan yediyi qaba tüpürməz. Ölkədəki bu sabitliyi, inkişafı hamı qorumalıdır. Bir ziyalı kimi Əli Əlirzayev də millətə, müstəqilliyimizə xəyanət haqda düşünməməlidir. Çünki müxalifətdə olan əksər şəxsiyyətlər, inan ki, qarşıdan gələn seçkidə İlham Əliyevə səs verəcək.
- Hansı müxalifətçilərdir? Ad çəkə bilərsiniz?
- Tələsməyin. Seçkidən qabaq və seçkidən sonra çox şeyin şahidi olacaqsınız... Bu heç kimdə şübhə yaratmasın. Azərbaycanda qarşıdurma olmasını, uşaqların atasız, anasız böyüməsini, növbəti bir şəhidlər xiyabanının salınmasını, qardaş qırğını olmasını istəmirik. Biz heç vaxt buna imkan verməyəcəyik. Qoy qarşıdurma, müharibə düşmən torpağında olsun. İşğal altında olan ərazilər qayıtsın. Mən siyasi ayrı-seçkilik qoymadan bütün Azərbaycan vətəndaşlarına sülh, mehribançılıq, dövlətçilik ideyası ətrafında sıx birləşməyi arzulayıram.