Hakim yeni Azərbaycan Partiyasının dünən keçirilən qurultayında bəzi təşkilati məsələlər baxılıb, YAP-ın 90 nəfərdən ibarət Siyasi Şurası seçilib. Məlum olub ki, hakim partiya dünənədək Siyasi Şuranın üzvü olan 13 nəfər tanınmış YAP-çını qurumdan kənarlaşdırıb. YAP Siyasi Şurasından çıxarılanlar arasında sabiq maliyyə naziri Əvəz Ələkbərov da var.
Modern.az YAP-ın qurultayında qəbul edilən bu qərarla bağlı Əvəz Ələkbərovdan münasibət öyrənib. Ələkbərov deyib ki, YAP Siyasi Şurasından uzaqlaşdırılmağı haqda xəbəri eşidəndə çox məyus olub.
“Əvvəlcədən bu haqda heç bir məlumatım yoxdur. Və məni YAP-ın qurultayına da dəvət etməmişdilər. Bu da əlbəttə ki, məni çox məyus etdi” – deyə Ə.Ələkbərov bildirib.
Qeyd edək ki, 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəndə və Heydər Əliyev hakimiyyətə gələndə Ə.Ələkbərov Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyirdi. Heydər Əliyevin komandasında təmsil olunan Ə.Ələkbərov 1999-cu ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri postunda qaldı. O, ilk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir. Çoxsaylı dövlət və hökümət komissiyalarının üzvü olub.
1999-cu ilin iyulunda maliyyə naziri vəzifəsinə təyin edilib. Ə.Ələkbərov bu vəzifədə 2006-cı ilin aprelinə qədər çalışdı.
2006-cı ildə istefaya göndərilən Ə.Ələkbərov hazırda işsizdir, YAP Nəsimi təşkilatının İdarə Heyətinin üzvüdür.