“Türkiyədə baş verənlər bir xalq hərəkatıdır. Bu mənim yadıma 1988-ci ildə Bakıda başlayan milli hərəkatı saldı. Mən özüm bir müddət Türkiyədə olaraq bu prosesləri müşahidə etmişəm. Təbii ki, müəyyən qədər fərqlər var. Biz imperiyadan qopmaq, müstəqil olmaq, torpaqlarımızı qorumaq üçün bunu edirdik. Ancaq nəzərə alın ki, hədəflərdən biri də yerli hakimiyyət idi. Çünki o zaman yerli hakimiyyət Moskvanın diktəsi ilə oturub-dururdu. Xalq Qarabağda kəsilən bir neçə ağaca etiraz olaraq ayağa qalxsa da, bu hərəkat milli azadlıq hərəkatına çevrildi. Türkiyədə də Gəzi Parkının sökülüb yerində ticarət mərkəzinin tikilməsi, Atatürk mərkəzinin dağıdılması kimi məsələlər ortaya çıxanda xalq meydanlara çıxdı. Mesaj verdi ki, bura İstanbulun tarixi yeridir və ona toxunmaq olmaz. Məncə, hakimiyyət xalqla sakit davransaydı, bunun şəhərin xeyrinə olduğunu desəydi və layihəni xalqa anlatsaydı hər şey sakit başa çatardı. Amma təəssüflər olsun ki, hakimiyyət xalqı görmədi, “biz öz istədiyimizi edəcəyik” dedi. Bu zaman 67 vilayət ayağa qalxdı”.
Bunu qardaş Türkiyədə baş verən prosesləri şərh edən deputat, DAK həmsədri Sabir Rüstəmxanlı deyib. Rüstəmxanlı hesab edir ki, xalq meydanlara tökülməklə mesaj verib: “Bu mesaj Türkiyənin həddən artıq qərb yönlü siyasəti, bəzən Amerikanın dediyi ilə oturub-durmaq, dini siyasətə qatmaq, milli kimliyin aşağılamaq, süni yollarla Türkiyənin indiki dövlət quruluşu üçün təhlükələr yaratmaq, Atatürk yolundan uzaqlaşma meylləri və digər məsələlərlə bağlı idi. Bu məqamlar Türkiyə mediasında və ayrı-ayrı tanınmış şəxslər tərəfindən dilə gətirilib. Millətin içində bir narazılıq var və bu narazılıq qəfildən ortaya çıxdı. İndiki iqtidar seçicinin 50 faizinə qədərinin səsini alaraq hakimiyyətə gəlib. Yerdə qalanlar isə bu iqtidara səs verməyib. Onlar istənilən zaman öz etirazlarını ifadə edə bilərlər və buna təbii yanaşmaq lazımdır. Bundan sonra yumşalma gedəcək. Artıq hökumət insanlardan üzr istəyib, baş nazirin müavini Bülənt Arınc Gəzi Parkı ilə bağlı narazıları qəbul edib. Bunun nə dərəcədə təsirli olacağını deyə bilmərəm. Bu hərəkat Türkiyə tarixində görünməyən bir hadisə idi və Türkiyənin gələcəyində izlər buraxacaq. Ən azından gələcək seçkilərdə bu hadisələrin təsiri özünü göstərəcək”.
Sabir Rüstəmxanlı Milli Şura haqqında da danışaraq orada təmsil olunmamasının səbəblərini açıqlayıb: “Mən Milli Şurada deyil, Milli Məclisdəyəm. Milli Məclisdə olan insan Milli Şuraya necə gedə bilər? Ancaq partiya üzvləri Milli Şurada ola bilərlər. Əgər bu qurumun arxasında qonşu dövlətlərin maraqları dayansa həmin an VHP-dən bu quruma üzv olan şəxslər oranı tərk edəcək. Çünki biz bu millətin müstəqilliyi və azadlığı xəttinə xidmət edirik. İndi yenidən köhnə faciələrin təkrarlanmasına yol verə bilmərik”.
VHP sədri jurnalistlərə mənzil verilməsi məsələsinə də münasibətini ifadə edib: “Hesab edirəm ki, bu addımı jurnalistlərə rüşvət verilməsi kimi təqdim etmək cəfəngiyyatdır. Hökumətdə işləyən şəxslərin əksəriyyəti çox çətinliklə bu vəzifəyə gəlib çıxıblar, bəziləri vaxtı ilə ağır vəziyyətdə yaşayıblar və vəziyyəti görürlər. Onların bir hissəsi sidq ürəklə çalışırlar ki, yaradıcı insanlara kömək etsinlər. Hələ qədim dövrlərdən bu yana yaradıcı insanlara hər zaman qayğı olub. Bu qayğı hər zaman onları satınalma mənasına gəlməz. Bu, sadəcə həmin istedadlı insanların dəyərini bilmək və onların ağlından dövlətin xeyrinə istifadə etmək məqsədi güdür. Bizim jurnalistlərin vəziyyəti ağırdır. Hər şeyi kin-küdurətlə dəyərləndirmək olmaz. Əgər hökumət bu addımı atırsa, məncə, bunu alqışlamaq lazımdır. Mümkün qədər bu prosesin obyektiv olmasına çalışmaq lazımdır. Başqa sahələrdə səhv eləmək olar, amma jurnalistikaya qarşı səhv etməyin nəticəsi ağır olur. Çünki ortada qələm və yazı var. Əgər istedadlı jurnalistdirsə, gözəl məqalələrlə çıxış edirsə, mətbuata ləyaqətlə xidmət göstəribsə, bu, qiymətləndirilməlidir”.
Cavidan