Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılan uğurlar makroiqtisadi göstəricilərin müsbət dinamikasını təmin edib, əhalinin yaşayış səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Aparılan kompleks tədbirlər nəticəsində 1996-cı ildən 1 yanvar 2017-ci il tarixədək muxtar respublikada 88 min 871 yeni iş yeri açılıb. Bunun da 70 faizi daimi iş yerləridir.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına görə, son 10 ilin statistikası göstərir ki, muxtar respublikada açılmış 37 min 185 daimi iş yerinin 2 min 357-si yeni yaradılan müəssisə və təşkilatlarda, 11 min 993-ü mövcud müəssisə və təşkilatlarda, 142-si fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 22 min 693-ü isə fiziki şəxslərdə yaradılıb. Məşğul əhalinin sayı 1995-ci ilin sonu ilə müqayisədə 1,6 dəfə artaraq 233,5 min nəfərə çatıb.
Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaradıb. Belə ki, 2003-cü ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,4 faizini təşkil edirdisə, 2016-cı ilin sonuna bu göstərici 17,8 faizə enib. 2016-cı ildə muxtar respublikada muzdla işləyənlərin sayı 96,4 min nəfər təşkil edib və bu göstərici 2003-cü ildəki müvafiq göstəricini 2,3 dəfə üstələyib. 2016-cı ildə muzdla işləyən işçilərin 41,5 mini iqtisadiyyatın dövlət sektorunda, 54,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə tədbirlər 2017-ci ilin birinci rübündə də davam etdirilib, 640 yeni iş yeri yaradılıb. Yaradılan iş yerlərinin 98 faizi daimi iş yerlərinin payına düşüb. Daimi iş yerlərinin 3 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 1,5 faizi mövcud müəssisə və təşkilatlarda, 95,5 faizi fiziki şəxslərdə yaradılıb. Ümumi açılmış yeni iş yerlərinin 26,3 faizi Naxçıvan şəhərinin, 26,1 faizi Şərur, 20,4 faizi Babək, 7,7 faizi Ordubad, 8,1 faizi Culfa, 5,3 faizi Kəngərli, 5 faizi Şahbuz, 1,1 faizi isə Sədərək rayonlarının payına düşüb.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaradıb, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 413 manatı ötüb. 1995-ci ildə bu göstərici 15,9 manat səviyyəsində olub. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 307,6 manat, qeyri-dövlət sektorunda isə 469,1 manat təşkil edir. Muxtar respublikada bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.
Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq müasir istehsal və xidmət müəssisələrinin yaradılması, rəqabətədavamlı məhsul növlərinin istehsalı, səmərəli məşğulluğun təmini üzrə həyata keçirilən kompleks tədbirlər gələcək inkişafımızın daha da uğurlu olacağına imkan yaratmaqdadır.