"Dünya İqtisadi Forumunun təhlilinə görə, hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil".
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 2016-cı ilin hesabatına həsr olunan tədbirdə çıxış edərkən deyib.
Nazir bildirib ki, bu məsələ təhsil işçiləri qarşısında mürəkkəb bir məsələ formalaşdırır:
"Bu da ondan ibarətir ki, bu gün həmin peşələr mövcud olmadığı təqdirdə təhsil sisemi uğurlu məzunu hansı həyat və peşə üçün hazırlamalı, şagirdlər hansı bilik və bacarıqları mənimsəməlidir? Bizə bu cavabları heç kim vermir. Lakin biz suala olan cavabı həmkarlarımızla birgə müəyyənləşdirərək həyata keçiririk".
Nazir hesab edir ki, müşahidə etdiyimiz yanaşmaya görə, uğurlu Azərbaycan məzunu bəzi kompitensiyalara malik olmalıdır:
"Bu kompetensiyalar çeviklik, informasiya texnologiyaları sahəsindəki bacarıqlardır. Bunu xüsusilə vurğulamaq istərdik ki, biz bunu ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın zəruri kompitensiyası kimi baxırıq. Öz ixtisası üçün zəruri olan informasiya texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında perspektivləri ürəkaçan deyil".
M.Cabbarov deyib ki, məzunların ya regional, ya da qlobal əhəmiyyətə malik olan xarici dilləri bilməsi də vacibdir:
"Bu üç faktoru Azərbaycan məzununa verə bilsək, onların hər zaman əmək bazarında iş yeri olacağına inanırıq".
M.Cabbarov əlavə edib ki, məzunların əmək bazarındakı dəyərini artırmaq, iqtisadiyyatımızın rəqabətliliyini artırmaq, iqtisadi perspektivlərimizi daha asanlıqla reallaşdırmaq üçün qurumlar arsında kadrların hazırlığı, sifarişi uzun müddətli proqnozların hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlığa ehtiyac var.
Nazir əlavə edib ki, bu məqsədlə may ayı ərzində İqtisadiyyat Nazirliyi ilə birgə memorandum imzalanacaq.