Araşdırmalar göstərir ki, Azərbaycanda kişilərin 36 faizi siqaret çəkir. Lakin siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalırlar.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, yeniyetmələr arasında bu nisbət daha nəzərə çarpacaq səviyyədədir:
"Azərbaycanda yeniyetmətmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Bu göstərici son beş ildə 50 faiz artıb. Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə onun təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri-mümkündür. ÜST-nin tövsiyəsinə görə, yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində tütünlə bağlı hərtərəfli qadağalar tədbiq edilir”.
C.Məmmədov deyib ki, tütünün məhdudlaşdırılmasının ölkədə turizmin inkişafına mane olacağı barədə məlumatlar deyilir:
“Belə fikirlər səslənir ki, kafe və restoranlarda siqaretlərdən istifadənin qadağan edilməsi turistlərin buradan qaçmasına, gələcəkdə sanki bu səbəbdən turistlərin sayının azalması ilə nəticələnəcək. Lakin bu gün Avropa İttifaqı ölkələrindən gələn turistlər restoranlarda siqaret çəkməyi normal qarşılamayaraq, qeyri-adekvat, yad bir hal kimi qiymətləndirirlər. Bu gün ictimai yerlərdə siqaret çəkmə vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına da səbəb olur”.