Bakı Şəhər İcra Hakimiyyətinin balansında və xidmət dairəsində olan dövlət mənzil fonduna aid yaşayış binalarında quraşdırılmış liftlərin texniki istismarı bu binaların balans sahibi olan mənzil-kommunal təsərrüfatı təşkilatları, onların texniki xidməti və təmiri isə bu sahədə ixtisaslaşdırılmış ”Lifttəmir" İstehsalat Birliyi tərəfindən həyata keçirilir.
Yenimeydan.info xəbər verir ki, Bakı şəhərində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, mənzil-kommunal xidmətlərinə olan tələbatının günün tələbləri səviyyəsinə gətirilməsi üçün 1967-ci ildə Bakı şəhərində mövcud olan çoxmərtəbəli binalarda quraşdırılmış sərnişin liftlərinin ixtisaslaşdırılmış texniki xidmətinin, cari və əsaslı təmirinin kompleks təşkili məqsədi ilə Bakı şəhərində təsərrüfat hesablı lift-təmir sahəsi yaradılıb. Bu zaman şəhər lift təsərrüfatında cəmi 120 ədəd lift istismar edilirdi.
1970-ci ildən başlayaraq Bakıda və eləcədə respublikanın digər şəhərlərində (Naxçıvan, Gəncə, Sumqayıt və s.) liftlə təchiz edilmiş çoxmərtəbəli yaşayış binalarının inşa edilməsinin geniş vüsət alması lift parkının artmasına səbəb olub. 1970-ci ildə yaşayış binalarında quraşdırılmış liftlərin sayı 156 ədəd təşkil etdiyi halda, 1979-cu ildə bu say 9 dəfə artaraq 1412-yə çatıb.
Bakı şəhərində mənzil tikintisinin geniş vüsət aldığı bir şəraitdə liftlə təchiz olunmuş çox mərtəbəli yaşayış binalarının sayının durmadan artımı və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə olan tələbatı, 1994-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı təşkilatlarının balansında və xidmət dairəsində olan yaşayış binalarında quraşdırılmış liftlərin ümumi sayının 4000 ədədi keçməsi ilə əlaqədar, onların texniki xidmətinin və təmirinin təşkili üçün “Lifttəmir” İstehsalat Birliyi yaradılıb.
2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı təşkilatlarının balansında olan yaşayış binalarında 4130 ədəd lift mövcud idi. Bunlardan 3254 ədədi işlək vəziyyətdə olub, 876 ədədi isə uzun illər idi ki, istismar olunmurdu. Mövcud şəraitdə dövlət yaşayış fonduna aid binalarda quraşdırılmış liftlərin texniki istismar vəziyyətinin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq dövlət mənzil fonduna aid binalarda istismar müddətini bitirmiş lift təsərrüfatının sağlamlaşdırılması üçün Prezidentin şəxsi təşəbbüsü və göstərişi ilə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına 2012-2014-cü illərdə 1270 ədəd lift yenisi ilə əvəz edilib. Və onlar Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən qeydiyyata alınaraq istismarına icazə verilib. 1325 ədəd liftdə isə əsaslı təmir və bərpa işləri görülüb, bununla da yeni qəbul edilmiş mənzil fondu ilə birgə işləyən və texniki xidmət göstərilən 1246 binadakı liftlərin sayı 1 yanvar 2017-ci il tarıxinə 5291 ədədə çatdırılıb.
Hal-hazırda da mütəxəssislərimiz tərəfindən gündəlik daxil olan müraciətlərin araşdırılır və bütün qüvvələrini səfərbər edərək qarşıya qoyulan vəzifələrin, tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün səylə çalışır.