"Magistr" jurnalının 3-cü nömrəsində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.
Hər bir bakalavr növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmalarını, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.
Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq, hər bir bakalavr seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli (seçilən ixtisaslaşmaların hamısı eyni proqrama aid olmalıdır) və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın II mərhələsinə hazırlaşmalıdır.
Qeyd edək ki, magistraturaya qəbulun birinci mərhələsi aprelin 9-da keçirilib və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlə¬dən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunub. İmtahanın ikinci mərhələsi iyunun 4-də keçiriləcək. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.