Əmlak Məsələləri Dövlət Komitəsi “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” müvafiq qanuna əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan edib.
Komitədən Trend-ə verilən məlumata görə, müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan edilən növbəti belə müsabiqəyə 7 qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin əmlaklar Biləsuvarda, Ağcabədi, Qazax, Füzuli, Qəbələ, Göyçay və Qaxda yerləşir. İcarəyə verilən əmlakların sahələri 10 kv.m ilə 60 kv.m arasında dəyişir. Müsabiqədə iştirak edən obyektlər arasında ən aşağı icarə haqqı 7 man təşkil edir. Belə obyektlər bir neçə mərtəbəli binanın 2-ci, 3-cü, 4cü mərtəbələrində yerləşir. Bu isə sifarişçilərdə seçim imkanını artırır.
Müsabiqədə iştirak etmək üçün sifarişçilər ərizə, komitənin bank hesabına obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi miqdarında behin köçürülməsini təsdiq edən qəbz verməlidir. Ancaq qalib olmuyan şəxslərin behi isə müsabiqənin başa çatdığı gündən 10 təqvim günü ərzində onlara qaytarılır. Sifarişçi hüquqi şəxs olduqda ərizədə çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətini, təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti, fiziki şəxs olduqda isə şəxsiyyət vəsiqəsinin sürətini, sahibkarlıq fəaliyyəti haqqında məlumatı təqdim etməlidir. Sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə isə həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd tələb olunur.
Bundan başqa sifarişçilər qarşısında bir sıra şərtlər də qoyulur. Onlar icarəyə verilən obyektin hazırki təyinatı üzrə istifadə edilməsini təmin etməli, əmlakın ərazisində yerləşən müəssisənin fəaliyyətinə maneçilik yaratmamalı, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirməməlidir. Eyni zamanda sifarişçilər icarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünü də qoruyub saxlamalıdırlar.
Qaliblər isə müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsinin imzalamalı, icarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməlidir.