Iranda prezidentliyə namizədlərin sonuncu televiziya debatı keçirilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu dəfə 8 namizəd əsasən daxili və xarici siyasət mövzusundan danışıblar.
Möhsün Rzayi bildirib ki, İran ictimaiyyətinin inkişafı üçün siyasi qruplaşmaların olması vacibdir: “Ancaq buna baxmayaraq, bu gün cəmiyyəti idarə etmək üçün yalnız bir siyasi qrupun imkanlarına arxalanmaq kifayət etməz”. Prezidentliyə namizəd öz gələcək hökumətində islami demokratiya istiqamətində ciddi irəliləyişlər həyata keçirəcəyini deyib: “Gələcək dövlətimin xarici və daxili siyasəti xalqın hüquqlarını təmin etmək məqsədilə hərtərəfli bir ümid hökumətinin təsis olunması ilə formalaşdıracağam”. M. Rzayi vurğulayıb ki, İranın region və islam ölkələri ilə əlaqələrini və münasibətlərini gücləndirəcək və beynəlxalq səviyyədə iqtisadi-mədəni inkişaf yolunu seçəcək.
Məhəmmədbağır Qalibaf isə İranın xarici siyasətinin uğursuz olduğunu bildirib: “İranın xarici siyasətinin zəifliyi diplomatiya sahəsində özünü daha qabarıq formada göstərib”. Prezidentliyə namizəd öz gələcək dövlətinin daxili və xarici siyasəti üçün 5 əsas cəhətə toxunub: “İlk növbədə daxili birlik və vəhdətə nail olmaq lazımdır. Çünki öz xalqı tərəfindən qəbul olunmayan bir hökumət heç bir müzakirədə uğurlu ola bilməz”.
Qulaməli Həddad Adil deyib ki, daha yaxşı idarəçiliklə İrana qarşı sanksiyaların mənfi nəticələrini aradan qaldırmaq mümkündür: “Sanksiyalar məsələsini həll etmək mənim dövlətinin başlıca prioriteti olacaq”.
Həsən Ruhani isə öz dövlətinin daxili siyasətinin təhlükəsizliyin təmin edilməsi, bütün İran xalqı üçün sabitlik və sakitliyin bərqərar edilməsi yolu ilə gələcəyə ümid hissinin artırılması olduğunu bildirib: “Bu istiqamətdə bütün sahələrdə, o cümlədən iqtisadiyyat və mədəniyyət sahəsində sabitliyin yaradılması, insanların şəxsi həyatına müdaxiləyə icazə verməmək və işsizlik problemini həll etmək mənim gələcək dövlətimdə nəzərdə tutduğum başlıca tədbirlərdən sayılır”. Prezidentliyə namizəd daha sonra deyib ki, xarici siyasət məsələsində İranın milli mənafeyini və təhlükəsizliyini qorumaqla yanaşı, xalqa siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə də iştirak imkanı yaradılması lazımdır.
Məhəmmədrza Arif vurğulayıb ki, hazırda İran ictimaiyyətinin ehtiyaclarını təmin etmək və islam inqilabının hədəf və məqsədlərinə nail olmaq üçün yalnız müəyyən bir siyasi qrup və ya cərəyana arxalanmaq olmaz: “Ölkənin idarə edilməsində siyasi baxışlarından asılı olmayaraq bacarıqlı və ləyaqətli şəxslərə yer verilməlidir”. Prezidentliyə namizəd əlavə edib ki, İran xalqı islam inqilabının dördüncü onilliyində artıq sınaq dövrünü yaşamamalıdır: “Əksinə keçmiş təcrübələrə əsasən öz prezidentini bacarıqlarına, ləyaqətinə və rəftarlarına görə seçməlidir”.
Əli Əkbər Vilayəti isə öz çıxışında ölkənin iqtisadi problemlərinin bir hissəsinin sanksiyalardan dolayı yarandığını bildirib: “Rəy sorğularına əsasən, İran xalqının böyük bir hissəsi ölkənin ən mühüm probleminin xarici siyasət və sanksiyaların ləğv edilməsi məsələsi olduğuna inanır. Ona görə də işlər bu sahədə kifayət qədər təcrübəyə malik olan bir şəxsə tapşırılmalıdır”. Prezidentliyə namizəd deyib ki, nüvə məsələsində İranın hüquqlarının təmin edilməsi üçün həm uranın zənginləşdirilməsi məsələsinə təkid olunmalıdır: “Eyni zamanda nüvə məsələsinin düzgün idarə edilməsi ilə İranın digər ölkələrlə münasibətləri qorunub saxlanılmalıdır”.
Səid Cəlili öz xarici siyasətində danışıqlar və müzakirələri daha güclü və konstruktiv formada davam etdirəcəyini vurğulayıb: “Danışıqlarda həqiqi islam prinsiplərinə əməl edilməlidir ki, ölkənin xarici siyasəti daha güclü olsun”.
Məhəmməd Qərəzi isə öz xarici siyasətinin İranın yerli və daxili imkan və potensiallarından asılı olduğunu bildirib: “Əgər bu istedadlar gücləndirilməzsə, xarici siyasət də formalaşmayacaq”. Prezidentliyə namizəd əlavə edib ki, daxili imkanlar və potensiallardan istifadə ictimai rifahın təmin olunmasına və nəticədə xarici siyasətin güclənməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, İranda prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.