AMEA Zoologiya İnstitutunda strukturun tərkibində aparılan dəyişikliklər əsasında Tətbiqi Zoologiya Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd zoologiya elminin bir çox istiqamətləri üzrə geniş tədqiqatlar aparmaq, tədqiqatın nəticələrinin elmi istehsalata və kənd təsərrüfatına tətbiqidir. Bundan əlavə nəsli kəsilməkdə olan və təsərrüfat əhəmiyyətli növlərin çoxaldılması və təbiətə buraxılması mərkəzin əsas elmi istiqamətlərindən biridir.
Zoologiya İnstitutundan bildirlib ki, süni şəraitdə artırılmasına ehtiyac duyulan təsərrüfat əhəmiyyətli növlərdən biri də tibb zəlisidir.
Tibb zəlisi (Hirudo medicinalis) farmoseptik əhəmiyyətə malik, tibbin müxtəlif sahələrində müalicə məqsədi ilə tətbiq olunan canlıdır. Xeyli müddətdir ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində tibb zəlisinin süni yolla çoxaldılması texnologiyasının hazırlanması üzrə təcrübələr aparılır.
“Bu istiqamətdə ilk sevindirici nəticə baramanın əldə edilməsi ilə oldu. Belə ki, 42 gün bundan əvvəl akvariuma 8 ədəd zəli daxil edilmiş, orada zəlilərin yaşadığı təbii şəraitə uyğun ekosistem yaradılmışdı. Akvariuma çay daşları döşənmiş və xüsusi substratın üzərində mamır yerləşdirilmişdi. Təcrübə davam etdiyi müddətdə akvarium qaranlıq otaqda, sakitlik şəraitində saxlanılmış, kənar müdaxilələr edilməmişdi. Hazırda Zoologiya Mərkəzində bu istiqamətdə tədqiqatlar davam etdirilir” - deyə indtitutdan bildirilib.