Heydər Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir.
Mərasimdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, H.Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak etmişlər.
SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov layihənin ölkə üçün əhəmiyyətindən danışmış, zavodda aparılan işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2016-cı ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni Bitum qurğusu H.Əliyev adına NEZ-in modernizasiya və yenidənqurulması layihəsi çərçivəsində tikilir. “Azfen” şirkəti qurğunun tikinti-quraşdırma işlərini həyata keçirəcək yerli podratçının müəyyən olunması məqsədilə keçirilən seçim prosedurunun qalibi olmuşdur. Vitse-prezident bu münasibətlə “Azfen” şirkətinin bütün kollektivini təbrik etmiş, uğurlar arzulamışdır. “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov göstərilən etimada görə təşəkkürünü bildirmiş, zavodda aparılacaq tikinti işlərinin beynəlxalq standartlara uyğun və vaxtında icra olunacağına əminliyini ifadə etmişdir. Sonda Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanmışdır. Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov imzalamışlar.
Qeyd edək ki, H.Əliyev adına NEZ-də aparılan yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa ediləcək yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olacaq və qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal olunacaqdır. Qurğunun 2018-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur. Bununla da keçmiş “Azərneftyağ” neft emalı zavodunun tamamilə istismardan çıxarılması və dənizkənarı ərazilərin boşaldılaraq “Ağ şəhər” layihəsinə təhvil verilməsi təmin ediləcək, zavodun istismar xərcləri optimallaşdırılacaq, nəticədə Bakı şəhərində ekoloji durumunun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.