Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun APA-ya verdiyi məlumata görə, rayonun Çinar, Soyuqbulaq və Albalan kəndlərində yeni sürüşmə sahələri yaranıb.
Onun sözlərinə görə, Çinar kəndində baş vermiş sürüşmə yamacboyu aktiv fazada hərəkət etdiyindən yamacın aşağı hissəsində yerləşən 4 yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.
Ekspedisiya rəisi bildirib ki, Soyuqbulaq kəndində baş vermiş sürüşmə zamanı 1 ev qəzalı vəziyyətə düşüb.
“Albalan kəndində, Cəlilabad-Sadatlı avtomobil yolunun 12-ci km-də isə yeni sürüşmə-çökmə hadisəsi baş verib” – deyə o əlavə edib.
Ə.Qaralov qeyd edib ki, eyni zamanda Cəlilabadın Muğan və Qarazəncir kəndlərində subasma hadisəsi baş verib, nəticədə evlərin zirzəmiləri su ilə dolub.