Fövqəladə Hallar Nazirliyinin Akademiyası 2017/2018-ci tədris ili üçün bakalavriat səviyyəsində kursant qəbulu elan edib.
"Yenimeydan.info" nazirliyə istinadən xəbər verir ki, Akademiyada “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək, boyu 170 sm-dən az olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Fövqəladə Hallar Nazirliyində sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir. Təhsil ödənişsiz əsaslarla əyani şöbədə olmaqla Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.
Sənədlər aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi-8) qəbul edilir. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından ala bilərsiniz.