Bu gün səhər Bakı-Sumqayıt yolunda insan tələfatı ilə nəticələnən qəzaya səbəb olan "Ford" markalı mikroavtobus qanunsuz fəaliyyət göstərib.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O, hazırda araşdırma aparıldığını qeyd edib:
“Avtobus “20 Yanvar”-Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Ona görə də, proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.
Ş.Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı və marşrut kartı verilmədiyini qeyd edib.
““Ford” Tranzit markalı mikroavotbus qeyri-qanuni fəaliyyət göstərib”.
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb. Rəsmi məlumata görə 5 nəfər ölüb, 21 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
"Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb.