2017-ci ilin 08 – 12 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2017” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Sərgidə, 16 yerli turizm şirkəti (SW travel, Improtex Travel, Geo-travel, Premier Tour, Ran Tur, ENC Tours, Victory Tour, President travel, The Tour, STI, Al travel, Via Caucasus, Millennium Tourism, Gilan Hospitality, Turizm.az, Green Apple), 5 mehmanxana (Excelsior Hotel, Badamdar Hotel, Bilgah Beach Hotel, Shamakhi Palace Sharadil, Boulevard Hotel Baku), Azərbycan Hava Yolları və Turizm və Milli İnkişafına Dəstək İctimai Birliyi iştirak edir. Bununla yanaşı, sərgidə cari ilin 23 – 25 iyun tarixlərində Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Qran Prisi”-nin təşkilat komitəsi və İçərişəhər Dövlət Tarix-Memarliq Qoruğu İdarəsi də təmsil olunur.
Sərginin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Ramin Həsənov iştirak etmişlər.
Nazir Əbülfəs Qarayev “İTB Berlin 2017” sərgisində Azərbaycan stendini açaraq, iştirakçı şirkətlərə uğurlar arzuladı. Daha sonra Almaniya parlamentinin Turizm komitəsinin sədri xanım Heike Brehmer və Seyşelin turizm naziri Alain St. Ange ilə milli stendimizdə ikitərəfli görüşlər keçirildi. Görüşlərdə Almaniya ilə turizm sahəsində əməkdaşlıq məsələləri, eləcə də Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının baş katibliyinə namizədlərdən biri olan Seyşelin turizm naziri ilə fikir mübadiləsi aparıldı. Daha sonra CNN və BBC telekanallarının nümayəndələri Azərbaycan stendinə yaxınlaşaraq nazirlə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi apardılar.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.