Uzun müddətdir ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu baş tutmur. Belə bir görüşün reallaşması üçün tərəflər hələ ki susqunluq nümayiş etdirilər.
Maraqlıdır, yaxın vaxtlarda iqtidar-müxalifət görüşü baş tuta bilərmi?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Yenimeydan.info"-a deyib ki, iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə bağlı heç bir yeni fikri yoxdur.
“Bundan əvvəlki dialoq kampaniyasında camaatı inandırmağa çalışdıq ki, bu dialoq Azərbaycanda siyasi proseslərin irəliyə doğru inkişafına imkan verə bilər. Parlamentdə müxalifətin təmsil olunması və xalqın həyatında irəliləyiş ola bilər. Dialoq gərək nəsə bir xeyir verə ki, müəyyən addımlar da ataq. Hər dəfə yığışıb, dağılışmaq vaxt keçirməkdən başqa bir şey deyil. Cəmiyyətdə də bu məsələyə qarşı birmənalı olaraq qiymət yoxdur. Cəmiyyət bu dialoqu satqınçılıq, xəyanət və iqtidarın əlinə işləmək kimi qəbul edir”.
Partiya sədri deyib ki, gələcəkdə iqtidar-müxalifət dialoqunun keçirilib, keçirilməyəcəyi barədə heç nə deyə bilməz.
“Məşhur bir deyim var: “Bir ölülər, bir də dəlilər fikrini dəyişmir”. Gələcəkdə elə ola bilər ki, biz erməni ilə də dialoqa gedə bilərik. Ona görə, gələcəklə bağlı fikir bildirə bilmərəm. Hazırki vəziyyətlə bağlı isə onu deyə bilərəm ki, heç bir tərəfdə dialoqla bağlı maraq yoxdur”.
Mirmahmud KAZIMOĞLU