Mərkəzi Seçki Komissiyasında (MSK) Ümid Partiyasını təmsil edən Akif Qurbanov komissiyanın son toplantısındakı çıxışında seçici siyahısı ilə bağlı Dövlət Statistika Komitəsinin və MSK-nın açıqlamasında ciddi rəqəm fərqi olduğunu bildirərək, bu məsələdə MSK-nı məsuliyyətsizlikdə və biganəlikdə ittiham edib.
MSK üzvünün dediyinə görə, Dövlət Statistika Komitəsinin açıqlamasında əhalinin sayı 9 mlyon 356 mindən artıq göstərilir ki, bunun da 6 milyon 467 mindən çoxu əhalinin 20 yaş və yaşı ondan yuxarı olan hissəsini təşkil edir: “MSK-nın açıqlamasına görə isə seçicilərin sayı 4 milyon 986 mindir. Ortada milyon yarım fərq var. Bu ciddi bir rəqəmdir. Əgər komitənin açıqlaması düzgündürsə, o zaman milyon yarım əhali haradadır? Yox, əgər MSK-nın açıqlamasında göstərilən seçici sayı doğrudursa, o zaman Dövlət Statistika Komitəsi əhalinin sayını niyə şişirdir?! Deməli, məqsəd siyasi, iqtisadi, sosial layihələrin həyata keçirilməsində korrupsiyaya şərait yaratmaqdır?!”
Eyni zamanda A.Qurbanov qeyd edib ki, aşağı seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirliməsi istiqamətində heç bir ciddi addımlar atılmır, əksinə, icra strukturlarından daxil olan siyahı olduğu kimi də təsdiq olunr. Onun fikrincə, bu çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması üçün QHT-ləri prosesə cəlb etmək lazımdır. İctimai nəzarətin təşkil olunması istiqamətində MSK təlimatlar qəbul etməlidir.