Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.
"Yenimeydan.info" Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında baş verib. Hadisə nəticəsində iki sərnişin avtobusu toqquşub.
Qəzaya səbəb kimi havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi göstərilir.
Hadisə ilə bağlı İqdır valisi Əhməd Turqay Alpman məlumat verib. O, qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib. Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib.
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ümumilikdə 20 nəfər yaralanıb, 7 nəfər ölüb.
Bu barədə APA-ya Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev məlumat verib.
O bildirib ki, ölən və yaralanan azərbaycanlıların sayı və şəxsiyyəti dəqiqləşdirilir: “Ölən və yaralananlar arasında azərbaycanlıların sayı böyük ehtimalla çox olacaq. Çünki Naxçıvana gedib-gələn xətt olduğuna görə orada sərnişinlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olur”.
***
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a deyib ki, yaralılar arasında 26 azərbaycanlı var. O, hazırda Azərbaycanın Qarsdakı konsulluğununun ölən və yaralanan azərbaycanlılarla bağlı dəqiqləşdirmə apsrdığını deyib.